AnalitikaGündəmSiyasət

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşdirilməsi istiqamətində fəaliyyəti

Azərbaycan dili zəngin tarixi irsə, geniş lüğət tərkibinə və güclü ifadə imkanlarına malik bir dildir. Doğma dilimiz həm kommunikasiya vasitəsi, həm də mədəni-mənəvi dəyər olaraq böyük əhəmiyyətə malikdir. Onun qorunması və inkişaf etdirilməsi hər bir vətəndaşın borcudur. Bu dil bizim milli kimliyimizin ayrılmaz hissəsi, keçmişimizin, bu günümüzün və gələcəyimizin daşıyıcısıdır.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında müstəsna xidmətlər göstərmiş dahi bir şəxsiyyətdir. Onun fəaliyyəti yalnız dövlət quruculuğu ilə məhdudlaşmamış, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi sahəsində də dərin izlər buraxmışdır. Xüsusilə, Azərbaycan dilinin inkişafı, qorunması və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində gördüyü işlər bu sahənin tarixində mühüm mərhələ təşkil edir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə dil məsələsi daim diqqət mərkəzində olmuşdur. Hələ 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasına onun təşəbbüsü və prinsipial mövqeyi ilə Azərbaycan dilinin rəsmi dil statusu verildi. Bu, Sovet İttifaqının tərkibində olan bir respublika üçün çox cəsarətli və mütərəqqi addım idi. Həmin dövrdə rus dilinin üstünlük təşkil etdiyi şəraitdə ana dilinə belə bir statusun verilməsi milli özünüdərk və milli kimlik baxımından əhəmiyyətli bir hadisə idi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Ulu Öndər ana dilinin inkişafı və təbliğinə daim xüsusi önəm verirdi. O, Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsildə, mətbuatda və ədəbiyyatda geniş istifadəsini təmin etmək üçün konkret tədbirlər həyata keçirmişdir. Onun təşəbbüsü ilə Azərbaycan dili və ədəbiyyatına dair tədqiqatlar genişləndirildi, dilimizin qrammatik quruluşu, leksikoloji zənginliyi və tarixi inkişafı elmi əsaslarla araşdırıldı.

Ümummilli liderimiz ədəbi dilin saflığının qorunmasına xüsusi diqqət yetirirdi. O, dilimizin böyük hamisi və qayğıkeşi idi. Bu böyük şəxsiyyət ana dilini ürəkdən sevir, bu dildə danışmağı ilə fəxr edirdi. O, nitqlərində və çıxışlarında hər zaman Azərbaycan dilinin zənginliyini nümayiş etdirir, xalqın ana dilində danışmaqdan qürur duymasını tövsiyə edirdi.

Azərbaycan Respublikasının müstəqillik qazandığı dövrdə qarşıda duran mühüm məsələlərdən biri də milli dil siyasətinin formalaşdırılması idi. Ulu öndər Heydər Əliyev bu məsələyə də ciddi yanaşaraq, 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı. Həmin fərmanla avqustun 1-i “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilməyə başlandı. Bununla yanaşı, 2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlı mühüm addımlar atıldı. Bu dəyişiklik milli şüurun gücləndirilməsi, dünyaya inteqrasiya və dilimizin daha müasir standartlara uyğunlaşdırılması baxımından əlamətdar hadisə idi.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul olundu. Bu qanun dilimizin hüquqi statusunu möhkəmləndirdi və onun bütün sahələrdə tətbiqini təmin edən hüquqi mexanizmləri müəyyənləşdirdi. Bu qanun, həmçinin, dövlət orqanlarında, təhsil müəssisələrində və digər rəsmi strukturlarda Azərbaycan dilinin mütləq tətbiqini tələb edirdi.
Ulu Öndər Heydər Əliyevin öz nitqlərində Azərbaycan dilindən istifadə tərzi, söz seçimi, ifadə tərzi və nitq mədəniyyəti hər bir vətəndaş üçün örnək təşkil edirdi. Onun dilə olan məhəbbəti yalnız dövlət səviyyəsində qərarlarla deyil, şəxsi nümunəsi ilə də özünü göstərirdi. O, Azərbaycan dilini təkcə bir ünsiyyət vasitəsi deyil, milli varlığımızın təməl dayağı kimi qiymətləndirirdi. Ulu Öndərimiz dil haqqında deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir.”

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşdirilməsi istiqamətində fəaliyyəti təkcə bir dövrün deyil, gələcək nəsillərin də dilə münasibətinin formalaşmasında mühüm rol oynamışdır. Onun dil siyasəti bu gün də uğurla davam etdirilir və müasir Azərbaycanın mədəni-mənəvi inkişafının təməl daşlarından biri olaraq qalır. Heydər Əliyev öz əməlləri ilə sübut etdi ki, milli dilini sevən, qoruyan və inkişaf etdirən xalq heç vaxt məhv olmaz və tarix səhnəsində layiqli yerini daim qoruyub saxlayar.

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button