GündəmSosial

Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir

Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 25 dekabr 2025-ci il tarixdə “Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilmişdir.
“Aktualinfo.az” xəbər verir ki, tədbirdə YAP Şəki rayon təşkilatının rəhbərliyi və əməkdaşları, ƏPT sədrləri və müavinləri, Partiya fəalları və Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Şəki Heydər Əliyev Mərkəzində məktəblilərin “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar əl işlərindən ibarət hazırlanmış sərgi ilə tanış olmuş, onların yaradıcılıqları barədə ətraflı məlumat almışlar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin 2024-cü il dekabrın 25-də təyyarə qəzasında həlak olan vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Şəki Heydər Əliyev Mərkəzinin əməkdaşı Xumar Musayeva qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılması Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Bildirmişdir ki, 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin demokratik, hüquqi və dünyəvi inkişaf yolunu müəyyənləşdirmişdir.
Nuxa ƏPT-nin sədri Xatirə Səlimli çıxışında bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın üzləşdiyi mürəkkəb siyasi və hüquqi problemləri dərindən analiz edərək, milli maraqlara cavab verən mükəmməl Konstitusiyanın hazırlanmasına rəhbərlik etmişdir. Konstitusiyada insan hüquq və azadlıqlarının ali dəyər kimi təsbit olunması, hakimiyyət bölgüsü prinsipinin müəyyən edilməsi və hüquqi dövlət quruculuğunun əsaslarının qoyulması Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsidir.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin dövlət müstəqilliyinin hüquqi təminatçısı olmaqla yanaşı, milli suverenliyin qorunmasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, bu əsas qanun bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Azərbaycanın hüquqi-siyasi həyatının əsas istiqamətlərini müəyyən edir.
Sədr həmçinin Konstitusiyanın hazırlanma prosesi, Ümummilli liderin bu sahədə apardığı məqsədyönlü işlər və Konstitusiyanın Azərbaycan cəmiyyətinin inkişafına verdiyi töhfələr barədə ətraflı məlumat vermiş, bildirmişdir ki, gənc nəslin Konstitusiyaya və dövlətçilik dəyərlərinə hörmət ruhunda tərbiyə olunması bu cür tədbirlərin əsas məqsədlərindən biridir. Vurğulamışdır ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konstitusiyası dövlətimizin davamlı inkişafının, hüquqi sabitliyinin və milli birliyinin möhkəm təməlidir.
Sonda “Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda hazırlanmış videoçarx nümayiş olunmuşdur.

Oxşar Xəbərlər

Back to top button