
Azərbaycanın müasir tarixində elə siyasi hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı dövlətçilik proseslərinin istiqamətinə də ciddi təsir göstərir. Hər bir xalqın tarixində Vətəni üçün atdığı addımlarla, gördüyü işlərlə vətəndaşları tərəfindən qəhrəmanlıq simvolu, xilaskar kimi qəbul edilən, illər keçsə də qəlblərdə daim yaşayan şəxsiyyətlər olmuşdur. Belə şəxsiyyətlər dövlətin ən çətin, qaranlıq dövrlərinə işıq tutmuş, xalqının gələcəyini xilas etmiş və adlarını dövlətçilik tarixinə əbədi yazdırmışlar. Şübhəsiz ki, Ulu Öndərimiz, Ümummilli Lider Heydər Əliyev də Azərbaycan xalqının əvəzsiz şəxsiyyəti, əbədi qəhrəmanıdır. Xalqımız Ümummilli Liderinin əziz xatirəsini daim yad edir, onun vətəni üçün etdiyi əvəzsiz xidmətləri heç vaxt unutmur.1991–1993-cü illər Azərbaycan üçün olduqca mürəkkəb siyasi, sosial və iqtisadi proseslərin baş verdiyi bir dövr kimi tarixə düşüb. Ölkədə idarəçilik sistemində hökm sürən qeyri-sabitlik dövlət institutlarının fəaliyyətinə ciddi təsir göstərir, əhali isə gündəlik həyatında çoxsaylı çətinliklərlə üzləşirdi. Ermənistanla davam edən müharibənin yaratdığı ağır vəziyyətə ölkə daxilindəki siyasi böhran və sabitliyin olmaması da əlavə olunmuşdu. Dövlət idarəçiliyində peşəkarlığın və səriştənin zəifləməsi nəticəsində ölkədə xaos və nizamsızlıq dərinləşir, iqtisadiyyat isə ağır böhran keçirirdi.
3 oktyabr 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi mühüm tarixi hadisələrdən biridir. Ulu Öndərin geniş dünyagörüşü, beynəlxalq prosesləri dərindən təhlil etmək bacarığı və reallıqlara əsaslanan siyasi yanaşması Azərbaycanın dövlətçilik tarixində mühüm iz qoydu. O, ölkə daxilində həyata keçirdiyi siyasətlə yanaşı, beynəlxalq münasibətlər sistemində də Azərbaycanın mövqelərinin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirdi. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı illərdə də Azərbaycanın inkişaf siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirildi. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi Zəfər, həmçinin 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisələr kimi yadda qaldı. Bu gün Heydər Əliyevin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin mühüm tərkib hissələrindən biri kimi çıxış edir. Ulu Öndərin dövlət quruculuğu, iqtisadi inkişaf, enerji siyasəti, beynəlxalq münasibətlər və milli-mənəvi dəyərlərlə bağlı formalaşdırdığı yanaşmalar Azərbaycanın sonrakı inkişaf prosesində də öz əksini tapmışdır.
Bu gün Heydər Əliyev irsinin öyrənilməsi Azərbaycanın müasir tarixinin daha dərindən dərk edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ulu Öndərin siyasi fəaliyyəti, dövlət idarəçiliyi təcrübəsi, milli maraqlara əsaslanan strategiyası və dövlətçilik baxışları müasir Azərbaycanın inkişaf tarixinin mühüm hissəsidir. Heydər Əliyev irsi yalnız keçmişin siyasi salnaməsi deyil. Bu irs Azərbaycan dövlətçiliyinin formalaşması, müstəqilliyin möhkəmləndirilməsi və milli inkişaf strategiyasının müəyyənləşdirilməsi proseslərini anlamaq üçün mühüm tarixi mənbədir. Onun siyasi fəaliyyətinin öyrənilməsi, xüsusilə gənc nəslə çatdırılması milli dövlətçilik düşüncəsinin və tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz ardıcıllıqla hədəflərə doğru inamla addımlayır. Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın yaratdığı reallıqlar əsasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin əldə edilməsindən, yeni əməkdaşlıq formatlarının yaradılmasından, Böyük Qayıdış Proqramının uğurlu icrasından bəhs edirik. Azərbaycanı daim zirvələrdə görmək istəyən Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Torpaqlarımız azaddır, keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdışın sevincini yaşayırlar.
Babək Əliyev,
Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı



