Analitika

Ümumilli Lider Heydər Əliyev hər zaman gənclərin dəstəkcisi olmuşdur

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli Lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

Ümmumilli Lider Heydər Əliyevin həyat tarixçəsinə nəzər saldıqda onun Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsində müstəsna rol oynadığının şahidi oluruq. Məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərimin hüquqi əsaslarla tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və dini abidələrimizin bərpası istiqamətində sistemli, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Bütün bu addımlar strateji düşüncə və böyük uzaqgörənliklə atıldı.

“Heydər Əliyev İli”ndə Ümummilli Liderin fəaliyyətinin siyasi-fəlsəfi miqyası və missiyasının mahiyyəti dərindən və hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalıdır. Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir şəxsiyyətlərdən biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli simalarındandır. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz şəxsiyyət liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi: Gələcəyi dəqiq müəyyənləşdirən, tarixin nizamını təmin edən təfəkkür, parlaq natiqlik məharəti, siyasi iradə, güclü dövlətçilik duyğusu, çevik idarəetmə məharəti, insanların qəlbinə yol tapmaq, xalqın qüdrətinə arxalanmaq bacarığı! Bir sözlə, Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir lider idi.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasından əxz etdiyi nadir şəxsiyyətlərə məxsus bu keyfiyyətləri şərəflə daşıyır və böyük əzmlə dövlət idarəçiliyinə tətbiq edir, tarixin yeni tələblərinə uyğun olaraq təkmilləşdirib inkişaf etdirir. Heydər Əliyevin Vətən və xalq qarşısında mühüm xidmətlərini sadalasaq, böyük bir siyahı alınar. Bu sırada Onun böyük missiyasını- müstəqilliyimizi fitnə-fəsadlardan, xain hücumlardan qorumasını, xilas etməsini isə ayrıca diqqətə çatdırmaq lazımdır. Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran və yuxarıda qeyd etdiyimiz kimi, bunun üçün fundamental əsaslar yaradan Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. Tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir.

Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik bir insan olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. O, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olaraq tariximizin səhifələrinə öz adını yazmışdır.

Bəkirli Mürsəl,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button