Analitika

Ümumilli Lider ən çətin məqamlarda xalqı birləşdirə bilən yeganə siyasətçi idi

Tarixdə iz qoymuş böyük şəxsiyyətlər dövlət hakimiyyətini ölkənin yalnız bugünkü mənayefi baxımından deyil, həm də gələcək maraqları nəzərə alaraq təşkil edir, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modeli yaratmağa çalışırlar. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirmişdir.

Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi.

Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsinin tədqiqi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün örnək rolunu oynamağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızı tarixin ağır sınaqlarından məharətlə çıxararaq, onu inkişafa və tərəqqiyə doğru aparmışdır. Bu müdrik şəxsiyyət DTK-da işlədiyi illərdə də bütün varlığı ilə xalqına xidmət etmiş, neçə-neçə milli ziyalımızı qorumuşdur. O, harada işləməsindən asılı olmayaraq, hansı vəzifə, mənsəb sahibi olmasına baxmayaraq, hər yerdə özünü əsl azərbaycanlı kimi aparmışdır. 34 il bir məmləkətə rəhbərlik etmək hər dövlət və siyasi xadimin işi deyildir. Həm də bu illər görülən işlər öz miqyasına, əhatəliyinə görə müqayisə olunmazdır.

Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayıla bilər. Bu nümunə həm də ona görə xüsusi çəkiyə malikdir ki, Heydər Əliyev özünün siyasi taleyində sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirməli olub. Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir və dəyərləndirilir.

Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.  Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim – azərbaycançılıq ideologiyasını da yaratdı.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button