Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu
Sirr deyil ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aşkar müşahidə olunurdu. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva da daxil olmaqla aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olundu. Dövlətin gənclər siyasəti -gənclərin öz bilik və bacarıqlarını reallaşdırması məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Birmənalı olaraq gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədardır. Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən bir çox silsilə addımlar atıldı. Təqdirəlayiq haldır ki, Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün muxtar respublikada gənclərə vətənpərvərlik ruhunun aşılanması istiqamətində işlər aparılır. II Qarabağ müharibəsində tarix yazan, Qələbə ruhunu xalqımıza yaşadan belə tərbiyə olunmuş gənclikdir. Gənclərin müharibə iştirakçıları və şəhid ailələri ilə görüşlərinin keçirilməsi, onlarla bağlı müxtəlif məzmunlu tədbirlərin keçirilməsi də bu məqsədə xidmət edir. Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında və dövlətçiliyin möhkəmləndirilməsi prosesində fəal iştirak edirlər. Və bu gün gənclər fəxr edir ki, məhz ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın vətəndaşıdırlar və bundan sonra da Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, qüdrətinin artması yolunda əllərindən gələni edəcəklər.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı