Analitika

Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan geridə qalmış aqrar ölkədən hərtərəfli surətdə inkişaf etmiş bir respublikaya çevrilmişdir. Siyasi Büronun üzvü kimi çoxcəhətli fəaliyyəti onun keçmiş sosialist ölkələri düşərgəsində və müttəfiq respublikalarda, hətta Sovetlər İttifaqından kənardakı kapitalist dövlətlərində də əsl dövlət xadimi olaraq qəbul edilməsinə yol açmışdır. Ən yaxın tariximizdə, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını açmışdır”.

Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Heydər Əliyev Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyi haqqında nəzəri-təcrübi konsepsiya yaratmaqla, eyni zamanda onun böyük bir dövrünün yaradıcısı kimi tarixə daxil olmuşdur. Burada Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərliyi mühüm yer tutur. Heydər Əliyev SSRİ rəhbərlərindən biri olduğu dövrdə də Azərbaycan dövlətçiliyi naminə böyük işlər görmüşdür. 1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması Azərbaycanın dövlətçiliyinə də zərbə oldu:

“Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir”.

Onun sözlərinə görə, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir.

Rəşadət Xalıqov əlavə edib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Oxşar Xəbərlər

Back to top button