Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmışdır
Şəxsiyyətlər var ki, tarix onları yetişdirir. Şəxsiyyətlər də var ki, onlar özləri tarix yaratmağı bacarır. Onlar mənsub olduğu cəmiyyəti düşünən, onun varlığı və xoşbəxtliyinin qorunması yolunda həyatlarını belə verən, xalqına sədaqətlə xidmət edən insanlardır. Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, milli dövlətçiliyimizin memarı və qurucusu, yüksək təşkilatçılıq və idarəçilik qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı, güclü məntiqi, qüdrətli zəkası ilə seçilən görkəmli dövlət xadimi, təhsil quruculuğu strategiyasının ideya müəllifidir. Belə bir qüdrətli dövlət başçısının və dahi şəxsiyyətin nümunəsində müasir gənclərin tərbiyəsi onları azərbaycançılıq ideyalarını yaşadan vətəndaş kimi yetişdirməyə kömək edir.
Gənclik cəmiyyətin aparıcı qüvvəsi, dövlətin gələcəyinin təminatına zəmanətdir. Gəncliyin hərtərəfli və harmonik inkişafı bu gün başlıca məqsəddir. Hər bir dövlətin və millətin tərəqqisində gənc nəslin təhsili və tərbiyəsi müstəsna əhəmiyyət kəsb edir. Ölkənin, xalqın gələcəyi, cəmiyyətin inkişafı və tərəqqisi bugünki gənclərin kimliyindən, onların bilik, bacarıq, dünyagörüşünün səviyyəsindən, eyni zamanda gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycan Respublikası Gənclərinin I Forumunda Heydər Əliyevin nitqində gənc nəslə ünvanladığı dəyərli tövsiyələrində və nəsihətlərində atalıq qayğısı, gəncliyimizin parlaq gələcəyinə olan inamı özünü büruzə verir: “Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik. Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. …Gənclər xalqımızın milli ənənələri, milli-mənəvi dəyərləri əsasında tərbiyələnməlidir. Gənclərin tərbiyə edilməsində, təhsillənməsində eyni zamanda ümumbəşəri dəyərlərdən istifadə olunmalıdır. Milli-mənəvi, ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir”.
Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində müasir gənclik Vətənə sədaqət və məhəbbət, millətini sevmək və ucaltmaq, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirmək, respublikanın müstəqilliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə olunur, geniş dünyagörüşünə malik olmaqla özünü daim inkişaf etdirmək bacarığına yiyələnir. Müasir gəncliyin yeni təfəkkürə malik şəxsiyyət kimi formalaşmasında Heydər Əliyevin söz qüdrəti, diplomatik şücaəti, aydın və səlis nitqi böyük rol oynayır. Bu gün gənclərimiz dövlət müstəqilliyimizin əldə olunmasında öz sözlərini dedikləri kimi, müstəqilliyimizin qorunmasında, inkişaf etməsində yaxından iştirak etməlidirlər, çünki hər bir gənc yaşadığı coğrafi məkandan asılı olmayaraq, öz vətənini, Azərbaycanı təmsil edir, xalqımızın mənəviyyatının daşıyıcısı, onun simasıdır.
Gənclərimizin qarşısında duran başlıca vəzifələrdən biri xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda cəbhələrdə göstərdikləri qəhrəmanlıqları kimi elmdə, istehsalatda, təhsildə də fədakarlıq göstərməli və yüksəkixtisaslı mütəxəssislər kimi yetişməlidirlər.Milli ideologiya konsepsiyası çərçivəsində gəncləri birinci növbədə, Azərbaycanın müstəqilliyi prinsiplərinə sadiqlik, vətənpərvər ruhunda tərbiyə etmək lazımdır. Gənclərin təhsili, tərbiyəsi məhz bu istiqamətdə aparılmalıdır.Gənclərin tərbiyə edilməsində eyni zamanda ümumbəşəri dəyərlərdən geniş istifadə olunmalıdır. Milli mənəvi və ümumbəşəri dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil edir. Bir çox ölkədə orduda xidmət etmək gəncin vətəndaşlıq borcudur. Ancaq Azərbaycan övladının borcu başqa ölkələrin gənclərinə nisbətən bir neçə qat artıqdır, çünki torraqlarımız düşmən tərəfindən işğal edilib, ölkəmizin ərazi bütövlüyünə təcavüz olunub, xalqımızın min illər boyu yaratdığı, yaşatdığı və zənginləşdirdiyi dəyərlər saxtalaşdırılıb, özününküləşdirilib, talan edilib, dağıdılıb. Xəyanətkarlıqla gerçəkləşdirilən bu vandalizmin nəticələrini aradan qaldırmaq, onu bərpa etmək də gənclərin öhdəsinə düşür. Bu baxımdan cəmiyyətimizdə, xüsusən gənclər arasında hərbi xidmətə hörmət və diqqət daim yüksək səviyyədə olmalı, hər bir gəncin orduya xidmətə getməsi onun ailəsində bayrama çevrilməlidir.
Cəmiyyətimizin bütün nümayəndələri əsgərlərimizə,hərbi qulluqçularımıza xüsusi hörmət və ehtiramla yanaşmalıdırlar. Onlara göstərilən yüksək hörmət və ehtiram gənclərimizin vətənpərvərlik ruhunda tərbiyələnməsinə çox müsbət təsir göstərər. Gənclər bilməlidirlər ki, hər bir azərbaycanlının vətəndaşlıq borcu, vəzifəsi respublikamızın dövlət müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı azad, müstəqil dövlət kimi inkişaf etdirmək, Azərbaycan elmini, mədəniyyətini yüksəklərə qaldırmaq, Vətənin şan-şöhrətini dünyaya tanıtmaq, dünya birliyində layiqli yer tutması üçün xidmətlər göstərməkdir.
Xancanova Hüsniyyə,
Xəzər rayonu, 92 №li tam orta məktəbin müəllimi