Analitika

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Azərbaycan xalqının tarixində ən möhtəşəm və tarixi əhəmiyyətli günlərdən biri də 15 iyun-Milli Qurtuluş Günüdür.

Sovetlər birliyinin dağılmasından sonra Azərbaycan ağır tarixi sınaqlarla üzləşmişdi. Onun müstəqil bir dövlət kimi yaşaması üçün təhlükə göz qabağında idi. Bir tərəfdən ölkəmizə qarşı həyata keçirilən xarici hərbi müdaxilə və bunun nəticəsində ərazimizin bir hissəsinin işğal olunması, digər tərəfdən hakimiyyət uğrunda mübarizə və daxili çəkişmələr xalqın öz gələcəyinə olan inamını tamamilə qırmışdı. Vətənin dar günü idi. Xalq çıxılmaz vəziyyətə düşmüş, imdad axtarırdı. Ayrı-ayrı insanlar, qruplar ulu öndər Heydər Əliyevə üz tutub nicatımızın yalnız onunla bağlı olduğunu birmənalı şəkildə bildirirdilər. Getdikcə bu axın güclənir və iri bir hərəkata çevrilirdi. Hakimiyyətdə olan AXCP-Müsavat cütlüyü də yaranmış vəziyyətdən çıxış yollarını görməyərək, əlacsız və aciz qalaraq ümummilli lider Heydər Əliyevə müraciət edir, onu əməkdaşlığa çağırırdı.Ulu Öndər belə bir vəziyyəti kənardan seyr eləyə bilməzdi. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini qorumağı özünün başlıca vəzifəsi hesab eləyən bu dahi insan xalqın çağırışına, tələbinə biganə qala bilməzdi.

Xalqın təkidli çağırışı ilə ulu öndər Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya gəldi və mətbuat nümayəndələrini ətrafına yığıb Gəncə şəhərinə yollandı. Gəncə qarşıdurmasının nəticələrini görüb, məsləhət və tövsiyələrini verib geri qayıtdı. Milli Məclisdə yaranmış vəziyyətdən çıxış yolları barədə geniş məruzə etdi. Elə həmin gün Milli Məclisdəki proqram xarakterli nitqində o, Azərbaycanın demokratik dövlət quruculuğunun gələcək inkişafının prioritet istiqamətlərini müəyyən edərək demişdi: “Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq, ümumi, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən bəri, müstəqilliyini qazandıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam demokratik, hüquqi, həm də ümumbəşəri dəyərlərin əsasında qurulan demokratik bir cəmiyyət olacaq”. Bununla da xalqın ürəyində bir ümid çırağı yandırdı və yalnız bu dünyaşöhrətli siyasətçinin ölkəmizi düşdüyü vəziyyətdən çıxaracağına ümid yarandı. O, 1993-cü il iyunun 15-də Milli Məclisdə yekdil səslə və alqış sədaları altında Ali Sovetə Sədr seçildi və 3 oktyabr prezident seçkilərinədək bu vəzifədə işlədi. Bu seçim Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

1997-ci il 27 iyunda Milli Məclisin qərarı ilə 15 iyun günü rəsmi olaraq Azərbaycan xalqının “Milli Qurtuluş Günü” kimi qəbul edildi.

15 İyun tarixi dövlətçiliyimizin xilasını təmin etməklə, Azərbaycanın bu gününü və xoşbəxt gələcəyini müəyyənləşdirdi.

Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Qazanılan uğurların və yüksək inkişafın nəticəsidir ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Möhtəşəm Qələbə əldə olundu. Ulu öndər Heydər Əliyevin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.

Xalqımız hər il 15 iyun tarixini qürur və fərəh hissi ilə qeyd edir. Çünkü, məhz bu gün dövlətimiz əbədi və sarsılmaz gücünü bütün dünyaya göstərmişdir.

Cəmilə Əhmədova,
YAP Şuşa rayon təşkilatının 9 nömrəli ərazi partiya təşkilatının sədri 

Oxşar Xəbərlər

Back to top button