Analitika

Ulu Öndər Heydər Əliyevin xarici siyasəti bu gün Azərbaycanı Cənubi Qafqaz regionunda lider dövlətinə çevirmişdir

1993-cü il iyun ayının 15-də hakimiyyətə gəldiyi gündən başlayaraq H.Əliyev siyasətin əsas məsələlərindən biri kimi dünyanın inkişaf etmiş dövlətləri və mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyi bir vəzifə kimi qarşısına məqsəd qoydu. Heydər Əliyev ölkəmizin gələcək xarici siyasətinin formalaşdırılması ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verərkən demişdir: “Xarici siyasətimiz sülhsevərdir. Azərbaycanın daha geniş tanınmasına xidmət edir. Xarici siyasət, ilk növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəlməlidir. Əsas vəzifəmiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir.”

Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə necə böyük önəm verdiyini ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz – Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən – əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. 8-11 fevral 1994-cü il tarixlərində Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ölkələrimizin qarşılıqlı əlaqələrinin tamamilə yeni məcrada və yeni keyfiyyətdə qurulmasına və inkişafına zəmin yaratdı. Həmin ilin oktyabrın 19-da Türk dövlətləri başçılarının Zirvə görüşündə qəbul edilmiş “İstanbul bəyannaməsi”nin imzalanma mərasimində H.Əliyev deyirdi: “ Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir – birinə bənzərdir. Ona görə də, bunlar hamısı xalqlarımızı hələ müstəqil olmadığımız vaxtda bir-birindən ayırmayıb, bir-birilə daha çox əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliklərini əldə edəndən sonra, müstəqil dövlətlər kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəli getməliyik.”

Pakistanı tam əminliklə Azərbaycanın Türkiyədən sonra dünyadakı ikinci əsas strateji müttəfiqi hesab etmək olar. İki ölkə arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr çərçivəsində çox intensivdir. Tərəflər birgə təmsil olunduqları beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, Kəşmir və Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ problemlərinə eyni mövqedən yanaşır və onların beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardırlar. H.Əliyev iki ölkə arasındakı münasibətləri belə səciyyələndirib: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi əlaqələrimiz üzərində qurulur. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyi haqqında bəyanat verdikdən sonra Pakistan ölkəmizin öz müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Sonrakı dövrdə, xüsusən axırıncı illərdə də Pakistanla Azərbaycan arasında çox yaxşı əlaqələr yaranıbdır.”

1996-cı il aprelin 10-da Ulu Öndər H.Əliyev Pakistanın Baş naziri Bənazir Bhutto ilə görüşündən sonra Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi olub. Həmin gün H. Əliyevin şərəfinə xanım Bənazir Bhutto tərəfindən ziyafət verilib. Ziyafətdə çıxış edən H.Əliyev qeyd edib: “Apardığımız danışıqlar göstərir ki, Pakistan-Azərbaycan münasibətlərinin çox böyük perspektivi, gələcəyi var. İqtisadi əlaqələrin inkişaf etdirilməsində müştərək nailiyyətlər əldə edə bilərik. Müştərək işlər görülməsi üçün mən pakistan nümayəndələrini Azərbaycana dəvət etmişəm və bu gün də dəvət edirəm. Əmin ola bilərsiniz ki, biz bu əməkdaşlığın inkişafı üçün səylərimizi əsirgəməyəcəyik.”

Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi, mədəni köklərə əsaslanır. 25 dekabr 1991-ci il tarixində israil Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. 11 may 2000-ci il tarixində İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda Ulu Öndər H.Əliyev demişdi: “Azərbaycan ilə İsrail arasında ola dostluğun dərin kökləri var. Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar.”

Ulu Öndər H.Əliyev 1993-cü ilin 15 iyun tarixində Milli Məclisin sədri seçilərkən, yəni Qurtuluş Missiyasının başlandığı gün parlamentin tarixi iclasında çıxışında xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini, region və dünya dövlətləri ilə əlaqələrin əsas istiqamətlərini müəyyənləşdirdi. Həmçinin 27 may 1998-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərək demişdi: “Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir.”

Ümummilli lider Heydər Əliyevin siyasəti bu gündə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xarici siyasət strategiyasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli artırmiş, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir.

Kərimova Aygül,
Xəzər rayonu, 262№li tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button