AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikri

Dövlət bayrağı hər bir xalqın azadlıq ideallarını, mənəvi dəyərlərini və dövlətçilik ənənələrini özündə əks etdirən müqəddəs simvoldur. Azərbaycanın üçrəngli bayrağı — mavi, qırmızı və yaşıl rənglərin və ortasında yerləşən ağ aypara ilə səkkizguşəli ulduzun birləşdiyi rəmz — xalqımızın müstəqillik, milli qürur və birliyinin simvoluna çevrilib. 9 noyabr tarixi isə bu müqəddəs rəmzin yenidən dövlət statusu almasının – Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 28 may 1918-ci ildə müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olaraq quruldu. İlk mərhələdə Cümhuriyyətin bayrağı yaşıl rəng üzərində ağ aypara və səkkizguşəli ulduzdan ibarət idi. Lakin həmin ilin 9 noyabrında Azərbaycan hökuməti yeni bir qərar qəbul edərək, bu gün tanıdığımız üçrəngli bayrağı təsdiq etdi.

Mavi rəng — türklüyü, xalqın etnik mənsubiyyətini, qırmızı rəng — müasirlik, demokratiya və inkişaf ideyasını, yaşıl rəng — islam sivilizasiyasına mənəvi bağlılığı ifadə edirdi. Aypara və səkkizguşəli ulduz isə həm türk-islam dünyasına mənsubiyyəti, həm də Azərbaycan sözündəki səkkiz hərfi simvolizə edirdi. Bu bayraq Cümhuriyyətin dövlət atributu kimi 1920-ci ilədək dalğalandı.

Azərbaycanın üçrəngli bayrağı ilk dəfə yenidən 1990-cı il 17 noyabrda Naxçıvanda rəsmi status qazandı. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu.
Bu qərar yalnız Naxçıvan üçün deyil, bütün Azərbaycan üçün mühüm siyasi və mənəvi hadisə idi. Sessiyada həmçinin muxtar respublikanın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması barədə qərar qəbul edildi. Bu addım 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə ölkə səviyyəsində üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul edilməsinə zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyev bu məsələnin əhəmiyyəti ilə bağlı fikrini bildirərək demişdir: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.”
1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra üçrəngli bayraq yenidən Azərbaycanın başlıca atributlarından biri kimi rəsmi status aldı. Dövlət Bayrağının nisbəti 1:2-dir, rənglər üfüqi zolaqlarda yerləşir, mərkəzdə isə ağ aypara və səkkizguşəli ulduz var. Bu atribut Azərbaycanın suverenliyinin, azadlığının və dövlət quruluşunun ayrılmaz simvoludur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il 17 noyabr tarixində imzaladığı Sərəncamla 9 Noyabr – Dövlət Bayrağı Gününü təsis etdi. Bu qərar 1918-ci ilin 9 noyabrında qəbul edilən tarixi hadisəyə – üçrəngli bayrağın ilk dəfə dövlət rəmzi kimi təsdiqinə əsaslanır.

Azərbaycanın dövlət bayrağı təkcə bir simvol deyil, xalqın azadlıq ideallarının ifadəsidir. Bu bayraq həm müstəqil Azərbaycanın, həm də bütün dünya azərbaycanlılarının birliyini nümayiş etdirir.

Mavi – milli kimliyimizi,
Qırmızı – müasir sivilizasiyaya inteqrasiyanı,
Yaşıl isə – mənəvi və dini dəyərlərimizə sədaqəti təmsil edir.

Bayraq həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, dövlət rəmzlərinə hörmətin formalaşmasında mühüm rol oynayır. Hər bir azərbaycanlının qəlbində bu rəmz azadlıq və qürur hissinin daşıyıcısına çevrilmişdir.

Azərbaycanın üçrəngli bayrağı xalqın azadlıq, müstəqillik və milli kimlik ideallarını təcəssüm etdirən ən ali dəyərlərdəndir. 9 Noyabr – Dövlət Bayrağı Günü, təkcə bir tarixi hadisənin ildönümü deyil, həm də xalqımızın öz dövlətinə, müstəqilliyinə və milli ruhuna sədaqətinin bayramıdır.

Hər bir vətəndaş üçün bayraq qarşısında baş əymək – dövlətə, tarixə və şəhidlərin ruhuna ehtiram əlamətidir.
Azərbaycanın üçrəngli bayrağı daim uca zirvələrdə dalğalansın, çünki o, xalqımızın əbədi azadlığının və qürurunun simvoludur!

Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button