
Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilib. Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, hər il 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, bu sahədə dövlət proqramlarının qəbulu ümummilli lider Heydər Əliyevin gənclərə böyük qayğısının göstəriciləridir.
İndi ölkəmizdə dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar, təsdiq etdiyi Dövlət proqramları uğurla icra olunur və öz müsbət nəticələrini verir. 2006-cı ildə dövlətimizin başçısının Fərmanı ilə yenidən təşkil olunan Gənclər və İdman Nazirliyi Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında, ölkəmizdə idmanın tərəqqisində mühüm rol oynayan ən böyük qurumdur. Sevindirici haldır ki, bu gün ölkə gəncliyi yaradılan əlverişli imkanlardan bəhrələnərək Azərbaycana yeni-yeni uğurlar qazandırır. Hazırda ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Bu gənclər müxtəlif sahələrdə Azərbaycanın inkişafında, dövlət siyasətinin uğurla həyata keçirilməsində, eləcə də ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayırlar.
Nazirliyin yaradılmasında əsas məqsəd dövlətin gənclər və idman sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasını və həyata keçirilməsini təmin etmək, gənc nəslin yaradıcılıq potensialını, qüvvəsini, bilik və bacarığını milli dövlət quruculuğuna, iqtisadi və sosial inkişaf proqramlarının həyata keçirilməsinə yönələtmək, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsini həyata keçirməkdir. Bu illər ərzində dünya və qitə miqyaslı gənclər və idman tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsi, gənclər təşkilatlarının layihələrinin dəstəklənməsi, gənclərin müxtəlif qruplarının fərdi inkişafı üçün şəraitin yaradılması və dəstəklənməsi, idmanın və olimpiya hərəkatının inkişafı, gənc nəslin sağlam ruhda böyüməsi, gənclər və idman sahəsi üzrə infrastrukturun yaradılması və s. istiqamətlərdə əsaslı işlər görülümüşdür.
Dövlət gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. İndi bütün bölgələrdə yeni Olimpiya İdman kompleksləri tikilərək istifadəyə verilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “İdman ili” elan edilən 2012-ci il idmançılarımız üçün xüsusilə əlamətdar oldu. Onlar 30-cu London Yay Olimpiya Oyunlarında uğurla çıxış etdilər. Ölkəmiz London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olundu, 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan qabaqkı olimpiadalardakı uğurlarını təzələdi.
Azərbaycanın dünya idmanına ən böyük töhfəsi ölkəmizin 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi oldu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi 30 aylıq qısa bir müddətdə inanılmaz nailiyyətə imza ataraq bu mötəbər idman turnirini ən yüksək səviyyədə təşkil etməyə nail oldu. Azərbaycan təkcə təşkilatçılığı ilə deyil, atletlərimizin uğurlu çıxışları ilə də Prezident İlham Əliyevin dediyi kimi, Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Bu mötəbər idman turnirindən qısa müddət sonra 2016-cı ildə ölkəmiz 42-ci Ümumdünya Şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, bu ilin mayında UEFA Avropa Liqasının final qarşılaşmasına, eləcə də Formula 1 Qran-Prisinə ev sahibliyi edən Azərbaycanda bu günlərdə daha bir nüfuzlu turnir – XV Avropa Gənclər Olimpiya Festivalı keçirilir.
Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə idmanın inkişafı və gənclərlə iş sahəsində çoxşaxəli fəaliyyət həyata keçirən, bu sahədə dövlət siyasətinin uğurla reallaşmasında vacib rol oynayan Gənclər və İdman Nazirliyinin uğurlu fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Əskərova Məxrub,
Xəzər rayonu, 92 №-li tam orta məktəbin müəllimi



