
Tarix boyu elə şəxsiyyətlər yetişib ki, onların fəaliyyəti yalnız yaşadıqları dövrün deyil, bütöv bir xalqın və dövlətin gələcək taleyinin müəyyənləşməsində mühüm rol oynayıb. Belə liderlər xalqın ən mürəkkəb və taleyüklü məqamlarında dövlətçilik iradəsinin, milli həmrəyliyin və gələcəyə inamın simvoluna çevrilirlər. Azərbaycan xalqının tarixində dövlətçilik ənənələrinin qorunması və müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi ilə adı əbədi bağlı olan belə böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevdir.
Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif mərhələlərinə nəzər saldıqda aydın görünür ki, onun fəaliyyəti Azərbaycanın inkişafına, xalqımızın rifahına və dövlətçiliyimizin möhkəmləndirilməsinə yönəlib. Ulu Öndərin 1969-cu ildən başlayan rəhbərliyi dövründə Azərbaycanda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi və mədəni quruculuq işləri sonrakı milli dövlətçilik mərhələsi üçün mühüm zəmin formalaşdırıb. 1993-cü ildə hakimiyyətə qayıdışı isə müstəqil Azərbaycanın qarşısında dayanan ağır siyasi, iqtisadi və hərbi problemlərin həlli istiqamətində yeni mərhələnin başlanğıcı olub.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Bu hadisə ölkənin ağır siyasi və iqtisadi böhranla üz-üzə qaldığı bir dövrdə baş verib. Ulu Öndərin qarşısında müstəqil dövlətçiliyin qorunması, ölkədə sabitliyin bərqərar edilməsi, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğunun gücləndirilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yerinin təmin olunması kimi mühüm vəzifələr dayanırdı.
Heydər Əliyevin Prezident seçilməsi xalqın ona olan inamının ifadəsi olmaqla yanaşı, Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndər ölkədə siyasi sabitliyin möhkəmləndirilməsi, dövlət institutlarının gücləndirilməsi və Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində mühüm addımlar atdı.
Ulu Öndərin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi idi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın ən yeni tarixinin mühüm hadisələrindən birinə çevrildi. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi ilə bağlı imzalanan sazişə 7 ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti qoşulmuşdu. Bu müqavilə Azərbaycanın xarici investisiyalar üçün etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə və ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasının formalaşmasına mühüm təkan verdi.
Heydər Əliyevin dövlətçilik siyasətində ordu quruculuğu da xüsusi yer tuturdu. Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi hərbi və siyasi çağırışlar güclü, vahid komandanlığa tabe olan və müasir standartlara cavab verən ordunun yaradılmasını zəruri edirdi. Sonrakı illərdə Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, müasir Azərbaycan Ordusunun formalaşmasının əsası məhz Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub.
Ulu Öndər yaxşı bilirdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün güclü dövlət və güclü ordu əsas şərtlərdəndir. Buna görə də ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi.
Bu siyasətin nəticələri 2020-ci ildə özünün ən parlaq ifadəsini tapdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdi. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Zəfərin mühüm mərhələlərindən biri oldu. Azərbaycan Prezidentinin çıxışlarında da bu qələbə Ulu Öndər Heydər Əliyevin arzularının və siyasi irsinin davamı kimi qiymətləndirilib.
2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin illər əvvəl qarşıya qoyduğu əsas strateji məqsədlərdən biri – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində tarixi nəticə əldə edildi.
Bu gün Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi, hərbi və diplomatik uğurların təməlində ardıcıl dövlətçilik siyasəti dayanır. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmunla davam etdirilib.
Ramilə Seyidova,
YAP Siyəzən rayon təşkilatının sədr müavini



