Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş intellektual oyun keçirilib

03 May 2025-ci il tarixində YAP Siyəzən rayon təşkilatı, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Siyəzən Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə gənclər arasında rayon birinciliyi keçirilmişdir.
Aktualinfo.az xəbər verir ki, 9 komandanın iştirak etdiyi yarışın açılış mərasimində YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Aqşin Ağayev və Siyəzən rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüsal Alışov çıxış edərək Ümummilli liderin gənclərə qayğısı, azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği və əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında məlumat verib, yarış iştirakçılarına uğurlar arzuladılar.
Qızğın mübarizə şəraitində keçən yarışın nəticələrinə görə “Aysberq” komandası birinci, “Cəsur ürəklər” komandası ikinci və “Zəkalar” komandası üçüncü yerə layiq görülmüşdür. Yarışın sonunda bütün qaliblər fəxri fərman və medallarla təltif olunmuşdur.