Analitika

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü

Tarix nadir hallarda bəşəriyyətə dahilər bəxş edir. Bu dahilər müxtəlif sferalarda öz gücünü sınayır, öz töhvəsini verir. Tanrının Azərbaycan üçün ən böyük bəxşeşlərindən biri də Heydər Əliyev kimi siyasi düha idi. Bu tarixi şəxsiyyətin böyüklüyü onda idi ki, o Azərbaycanın ən ağır halında gəlib bu ölkəni cəhənnəm odundan xilas etdi. Xilas etdi, ona görə ki, o bütün ruhu ilə bu xalqa, bu torpağa bağlı idi. Azərbaycanı ondan yaxşı tanıyan, ondan çox sevən ikinci bir şəxs yoxdur.

Dahi rəhbər Heydər Əliyevin Azərbaycan, onun taleyi , milli dövlətçilik məfkürəsi barədə düşündüklərini ümumiləşdirsək, aşağıdakı qənaətə gəlirik.

Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir. Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də , əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur. Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsinə çevrilməməlidir. Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibidir və gələcəyini. firavan həyatını özü qurur. Bir vaxtlar dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirdisə, indi dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləyir, böyük inamla hərəkət edir. Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir. Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir. Azərbaycan dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir. Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq. Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun. Bizim yolumuz Azərbaycanda dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlamaq, onu günü-gündən möhkəmləndirmək, dönməz, sarsılmaz, əbədi etməkdən ibarətdir. Hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.

Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzini təmin etmək daha çətindir. Azərbaycanın suverenliyi hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Müstəqilliyin əldə olunması nə qədər çətin idisə, onun saxlanılması, daimi, yəni əbədi olması bundan da çətindir. Xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində, şübhəsiz ki, xalqımızın hər vətəndaşıının öz yeri, öz payı, öz xidməti var. Müstəqillik naminə biz hər şeyə-hər çətinliyə, hər əzab-əziyyətə dözməliyik.

Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır. Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik, ona görə də ölkəmizin həyatının hər bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadiyyatı ilə, dünyada gedən proseslərlə bağlıdır.

Sovet İttifaqı dağılandan sonra Azərbaycan böyük çətinliklərdən keçərək öz müstəqilliyini əldə edibdir. İndi biz bu müstəqilliyi saxlamalıyıq, müstəqil Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu böyük tarixi vəzifəni, bu tarixi missiyanı hansısa xırda siyasətçilərin iddialarına, şıltaqlıqlarına, yaxud da ki, ayrı-ayrı hay-küylərinə qurban verə bilərikmi? Bu heç vaxt ola bilməz.

Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir.

Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur. Hər birimizin qəlbini sonsuz qürur duyğularıyla döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır. Ən əsas nailiyyət ondan ibarətdir ki, biz müstəqilliyimizi müdafiə etdik, onu qoruduq, möhkəmləndirdik, inkişaf etdirdik və müstəqilliyimizi əbədi etdik. Xoşbəxtik ki, nəhayət, XX əsrin sonunda Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini əldə edib və öz təbii sərvətlərindən nə cür, hansı yolla istifadə olunmasını özü müəyyən edir. Hər bir xalq, millət üçün milli azadlıqdan, müstəqillikdən qiymətli heç bir şey yoxdur. Hər bir insan üçün vətən, torpaq, ölkə, müstəqil dövlət onun mənəviyyatı, həyatı üçün çox yüksək anlayışlardır. Öz təcrübəmə və bir çox ölkələrin təcrübəsinə əsasən deyirəm ki, qazanılmış müstəqilliyin bir çox çətinlikləri, mürəkkəb halları dəf etdiyi, müxtəlif islahatların çətinliklə aparıldığı, xarici xarakterli çox çətinliklərin olduğu ölkələrdə nüfuzlu siyasi xadim gərəkdir. Elə bir adam gərəkdir ki, ona inansınlar, öz talelərini ona etibar edə bilsinlər. Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir. Mən əminəm ki, biz Azərbaycanın müstəqilliyini qoruyacağıq, saxlayacağıq və gələcək nəsillərə müstəqil, yüksək iqtisadiyyata və potensiala malik olan bir dövlət bəxş edəcəyik. Azərbaycanın müstəqil dövlət olaraq dövlət rəmzləri var. Himni dünyanın hər yerində səslənir, milli gerbi Azərbaycanın dövlətçiliyini hər yerdə nümayiş etdirir, dövlət bayrağı Azərbaycanın üzərində uğurla dalğalanır və daim dalğalanacaqdır . İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünəlayiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatlarının iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir. Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir.

Tağıyeva Gülçin,
Xəzər rayonu, 26 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button