Analitika

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü

Artıq, yaşadığımız 2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə “Heydər Əliyev İli” kimi daxil olur. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” kimi elan etməsi ölkəmizin çoxəsrlik tarixinin bu qeyri-adi təqvim ilini də əbədiləşdirmişdir. Sərəncamı əsasında, bu ilin “Heydər Əliyev İli” kimi keçirilməsi respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün sanballı töhfələrini verəcəkdir. Sözügedən Sərəncam, “Heydər Əliyev İli”nin həm nəzəri-metodoloji mahiyyətini, həm də, əməli-praktik istiqamətlərini aydın surətdə əks etdirir və gerçək, əhəmiyyətli bir proqramıdır. “Heydər Əliyev İli”nin əsas siyasi-ideoloji konturlarını tam şəkildə əhatə edən Sərəncam qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan tədbirlərin əsl mahiyyətini real şəkildə əks etdirir. Ona görə də, mükəmməl şəkildə hazırlanmış dövlət Sərəncamını “Heydər Əliyev İli”nin aydın yol xəritəsi də adlandırmaq olar.

Təbii ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və müstəqil Azərbaycan dövləti qarşısında müstəsna dərəcədə böyük xidmətləri vardır. Belə ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsi ilə, Azərbaycan geridə qalmış aqrar ölkədən hərtərəfli surətdə inkişaf etmiş bir respublikaya çevrilmişdir. Siyasi Büronun üzvü kimi çoxcəhətli fəaliyyəti onun keçmiş sosialist ölkələri düşərgəsində və müttəfiq respublikalarda, hətta Sovetlər İttifaqından kənardakı kapitalist dövlətlərində də əsl dövlət xadimi olaraq qəbul edilməsinə yol açmışdır. Ən yaxın tariximizdə, XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi də Heydər Əliyevin qətiyyəti, ən optimal çıxış yollarını tapmaq və düzgün müəyyən edilmiş strategiyanı böyük bacarıqla həyata keçirmək istedadı sayəsində aradan qaldırılmışdır. Ulu Öndər Azərbaycanda dövlət müstəqilliyinin möhkəm təməllərini yaratmaqla ölkəmizin və xalqımızın böyük gələcəyinin yollarını açmışdır.

Bütün bunlara görə 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunması ilk növbədə bu böyük dövlət xadiminin dünya siyasətindəki, habelə, Azərbaycan xalqının tarixində, taleyindəki xidmətlərinin dünyaya və xalqımıza çatdırılmasına geniş imkan yaradılmasına uğurla xidmət edir. Bu mənada “Heydər Əliyev İli” haqqında Azərbaycan Prezidentinin Sərəncamı tarixin axarını dəyişdirmiş bu dahi şəxsiyyətin dünya tarixindəki yerinə, mövqeyinə, Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin əməli ifadəsidir. “Heydər Əliyev İli” haqqında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Sərəncamındakı aşağıdakı fikirlər bu görkəmli dövlət xadiminin unudulmaz xidmətlərini obyektiv şəkildə ifadə edir: “Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin mənəvi dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer qazanmasında müstəsna rol oynamışdır… Dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir”.

Hamıya yaxşı məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunur. Dünyanın məşhur şəxsiyyətləri, böyük siyasətçiləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki xüsusi məharətini yüksək qiymətləndirmişlər. Amerikanın keçmiş Prezidenti Bill Klintonun Heydər Əliyevə “dünyanı idarə etməyi bacaran görkəmli bir siyasi xadim” kimi yüksək qiymət verməsi, Türkiyə Cümhuriyyətinin keçmiş prezidenti Süleyman Dəmirəlin bu böyük dövlət xadiminin “bütün türk dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biri” olduğunu bəyan etməsi bunun əyani sübutudur.

Heydər Əliyev yeni tarixi epoxada Azərbaycanın dövlət müstəqilliyinin banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir.

Heydər Əliyev – azərbaycançılıq idealının rəmzidir.

Heydər Əliyev – Azərbaycan xalqının Ümummilli Lideridir.

Heydər Əliyev – dünya tarixinin gedişatına təsir göstərməyi və tarixi yenidən qurub-yaratmağı bacaran nadir dövlət xadimlərindən biridir.

Heydər Əliyevin – uzaqgörən dövlətçilik idealları bu gün də müstəqil Azərbaycan Respublikasının inkişaf yoluna gur işıq salır, bələdçilik edir.

Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan azərbaycançılıq təliminə də yenidən və daha əsaslı şəkildə elmi baxışa ehtiyac vardır. Məlum olduğu kimi, uzaqgörən dövlət xadimi, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq təliminin təməllərini hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırmışdır. Bu mənada yeni dövlət müstəqilliyi qazanmış digər respublikalarla müqayisədə dövlətçilik ideologiyasının yenidən müəyyən edilməsi baxımından Azərbaycan Respublikası bir addım qabaqda olmuşdur. Ona görə də, azərbaycançılıq ideologiyasının formalaşdırılmasının Ulu Öndər Heydər Əliyev modeli kompleks şəkildə öyrənilməli, ümumiləşdirilmiş əsaslı nəticələr çıxarılmalıdır. Görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev dünya dövlətçilik tarixində Ümummilli Lider fəxri adı qazanmış nadir tarixi şəxsiyyətlərdəndir. “Heydər Əliyev İli”ndə Ümummilli Liderliyin siyasi-fəlsəfi miqyası və missiyasının mahiyyəti dərindən, hərtərəfli surətdə tədqiq edilərək araşdırılmalı, ümumiləşdirilmiş elmi-nəzəri qənaətlər meydana çıxarılmalıdır. Ümummilli Liderlik fəlsəfəsinin konseptual əsaslarının müəyyən edilməsi, eləcə də, dünya şöhrətli, dahi siyasətçi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunun öyrənilməsi və təbliği Azərbaycan humanitar-ictimai elmlərinin ən böyük borcu, ən mühüm vəzifəsidir…

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna! Allah cəmi şəhidlərimizə rəhmət etsin! Allah yaralı hərbi qulluqçularımıza şəfa versin! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik!. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!… Qarabağ Azərbaycandır!…

Müşfiq Əliyev,
Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,
Xəzər rayonu sakini

Oxşar Xəbərlər

Back to top button