AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik konsepsiyasının inkişafı

Milli dövlətçilik ideyası Azərbaycan müstəqilliyinin əsas siyasi dayaqlarından biridir. Lakin bu ideyanın davamlı dövlət siyasətinə çevrilməsi üçün siyasi iradə, hüquqi institutlar və milli birlik tələb olunur. 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi bu baxımdan Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını yaratdı.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas xüsusiyyətlərindən biri milli maraqları dövlət siyasətinin mərkəzinə yerləşdirmək idi. Milli birlik, dövlət suverenliyi, ərazi bütövlüyü, qanunçuluq və iqtisadi müstəqillik onun siyasi yanaşmasında bir-birindən ayrılmaz anlayışlar kimi çıxış edirdi. Bu konsepsiya Azərbaycanın müstəqilliyinin yalnız hüquqi fakt kimi deyil, real siyasi və iqtisadi imkanlarla təmin edilməsini nəzərdə tuturdu.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixinin obyektiv öyrənilməsinə də xüsusi əhəmiyyət verirdi. Onun fikrincə, tarixə münasibətdə siyasi konyunkturadan və ideoloji stereotiplərdən uzaq olmaq, Azərbaycan xalqının keçdiyi müxtəlif tarixi mərhələləri obyektiv qiymətləndirmək vacibdir. Bu yanaşma milli dövlətçilik şüurunun formalaşması baxımından mühüm əhəmiyyət daşıyırdı.

Milli dövlətçilik konsepsiyasının hüquqi əsasları isə 1995-ci ildə qəbul edilmiş Konstitusiyada öz ifadəsini tapdı. Konstitusiya Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsas prinsiplərini müəyyənləşdirdi. Xalqın hakimiyyətin mənbəyi olması, vətəndaşların hüquq və azadlıqları və dövlət hakimiyyətinin təşkili ilə bağlı müddəalar milli dövlətçilik sisteminin hüquqi çərçivəsini yaratdı.

Beləliklə, 3 oktyabr 1993-cü il Ulu Öndər Heydər Əliyevin siyasi liderliyi ilə milli dövlətçilik konsepsiyasının praktiki dövlət siyasətinə çevrilməsinin mühüm başlanğıc mərhələsi oldu. Sonrakı illərdə siyasi, hüquqi və iqtisadi sahələrdə aparılan islahatlar bu dövlətçilik xəttinin müxtəlif istiqamətlərdə inkişafını təmin etdi.

Eyyub Cumayev, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button