Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi
Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Məhz, buna görə də, belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar. Onların yaratdıqlarını, zəngin, böyük irsini araşdıranda, haqqında danışanda isə bir sual daim müzakirə mövzusu olub, cavabını axtarıb: yaşadığı dövrün gerçəklikləri, tarixi reallıqlar şəxsiyyətləri formalaşdırır, yoxsa böyük, güclü, qüdrətli şəxsiyyətlər öz tarixini yaradır?
Təbii ki, bu suala müxtəlif zamanlarda yaşayan şəxsiyyətlərə münasibətdə fərqli cavablar vermək mümkündür. Lakin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev barədə danışarkən bu mübahisələrə birmənalı olaraq, aşağıdakı şəkildə nöqtə qoymaq olar – Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Bu fikri qüvvətləndirən, arqumentlərimizi genişləndirən faktlar isə yetərincədir. Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.
Heydər Əliyev xalqına, dövlətinə daim sadiq olub. Çıxışlarında da bunu daim vurgulayıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində (2 noyabr 1993-cü il) bidirmişdir: Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur. Azərbaycan xalqının potensialı – həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür.
Biz çox nadir tarixi şəxsiyyətlər görürük ki, aldığı hər nəfəsdə, atdığı hər addımda yalnız xalqını düşünür, onun gələcəyi üçün narahatdır. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” amalı ilə yaşayırdı Heydər Əliyev. 1990-cı illərdə çıxış etdiyi bütün konfranslarda xalqının azadlıq ruhundan danışırdı Ulu Öndər. Daim vurğulayırdı ki, biz müstəqil olmuşuq bu o deməkdir ki, bir daha müstəmləkə hakimiyyəti altında yasaya bilmərik.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan, nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev, siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı.
“Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük” – deyən Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Ulu öndər çıxışlarının birində deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. – “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir… Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik… Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq… Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.”
Tarixə müasir Azərbaycanın memarı olaraq düşən Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük rəhbər misilsiz fədakarlıq göstərib. Bu gün o yolu davam edən cənab Prezident İlham Əliyev Ölkəmizi bayrağını ən qabaqcıl dövlətlər sırasında dalğalandırır.
Gülnar Hüseynzadə,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi



