Ulu öndər Heydər Əliyev və ana dili
Heydər Əliyevin dilimizlə bağlı çox zəruri və aktual olan bir məsələyə münasibəti hamımız üçün çox vacib bir vəzifə müəyyənləşdirir: “Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. …gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir”.
Tarixi minilliklərin sınağından, hakim rejimlərin işğalından, yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər saflığını, təmizliyini, zənginliyini qoruyaraq gələn dilimiz – Azərbaycan dili haqqında düşünərkən, bu dil haqqında əlimə qələm alıb yazmaq istəyərkən gözlərimin önündə Dədə Qorqud, Nəsimi,Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, Aşıq Ələsgər, Şəhriyar canlanır. Bunlar Azərbaycan söz sənətinin, Azərbaycan təfəkkür dünyasının, Azərbaycan dil xəzinəsinin, Azərbaycan ictimai-siyasi fikrinin təməl daşları, bünövrəsi, ən dəyərli inciləridirlər. Əlbəttə ki, bu siyahını davam da etdirmək olar. Azərbaycan ədəbiyyatını, Azərbaycan ədəbi dilini yaradanların və onu milli varlıq kimi sonrakı nəsillərə – bizlərə olduğu kimi çatdıranların hər birinə heç şübhəsiz, borcumuz və ehtiramımız sonsuzdur. Çünki məhz onların sayəsində Anamızın-Azərbaycan adlı cənnət vətənimizin doğma dili olan Azərbaycan dili əsrlərin keşməkeşlərindən alnı açıq, üzü ağ çıxaraq mükəmməl, şirin, axıcı, işlək və zəngin bir dilə çevrilmişdi- “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.Ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə) olundu.Azərbaycan Prezidentinin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli, 76 nömrəli sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır.
Zaxarova Sevinc,
Xəzər rayonu, 136 saylı tam orta məktəbin müəllimi