Analitika

Uğurlu siyasət – parlaq gənclik

Hər bir xalqın xoşbəxt gələcəyi, onun ümidlərini doğruldan, şərəfini, ləyaqətini yüksəklərə qaldıran sağlam gənclikdən asılıdır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən prioritet məsələrdən biridir. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatlarını hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla yanaşı ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Zaman dəyişir, nəsillər dəyişir, ölkələr inkişaf edir, lakin ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhni hesab edilir. Müasir cəmiyyət –  gəncləri tarixin obyekti, son dərəcə mühüm dəyişiklik amili, yeni ideya və proqramların daşıyıcısı, xüsusi növ sosial dəyər kimi kəşf etməlidir.

Hər bir cəmiyyət gəncləri öz mədəniyyəti ruhunda tərbiyə edir, yetişdirir, formalaşdırır. Bu gün öz mental dəyərlərinə böyük önəm verən Azərbaycan xalqının qarşısında duran prioritet məsələlərdən biri gənclərin milli ruhda, milli vətənpərvərlik ruhunda, vətəndaşlıq ruhunda yetişdirmək, öz soykökünə, adət-ənənələrinə, milli mədəniyyətinə, mənsubiyyətinə mütərəqqi cəhətlər formalaşdırmaqdır. Gənc nəslin tərbiyəsinə önəm verən dahi Liderimiz Heydər Əliyev  1996-cı il Gənclərin ilk forumundakı çıxışında söyləmişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”. Heydər Əliyev çıxışı zamanı söyləmişdir ki, “Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir”. Həqiqətən Dahi Liderimizin örnək həyat yolu gənc nəslin bu günkü yüksək mənəviyyatının, milli ləyaqətinin bariz nümunəsidir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçıcı İlham Əliyevin 2003- cü ildə prezidentlik fəaliyyətinə başlaması, eyni zamanda Azərbaycanın tərəqqi və inkişaf yolunda qətiyyətlə irəliləməsi müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, ölkədə sabit siyasi sistemin, çoxşaxəli iqtisadi strukturun intensiv formalaşmasına zəmin yaratmışdır. Öz ata vəsiətinə, siyasətinə böyük fədakarlıqla əməl edən Cənab İlham Əliyev, Ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi-sosial tərəqqini gözlə görülən bir gerçəyə çevirərək, istər daxili və xarici siyasət sahəsində qazanılan uğurlara, istər təhsil sahəsində, istərsə də digər sahələrdə ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsində möhtəşəm nəticələr göstərmiş, xalqın şəksiz liderinə çevrilmişdir. İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi bu 20 ildə heç bir sahəni diqqətdən kənar qoymamışdır. Bunun ən bariz nümunəsi isə gənclik siyasətidir. Azərbaycan gənclərinin uğrulu inkişafı yolunda bir çıraq, mayak olmuşdur İlham Əliyev. Prezident İlham Əliyev gənclər siyasətinin inkişafı istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi, inkişaf etdirdi, daha da yüksək mərhələlərə çatdırdı.

Onun Azərbaycana rəhbərlik etdiyi bu illərdə Azərbaycan gəncliyi ilə bağlı bir çox dövlət proqramları qəbul edildi: 2007-ci il «Gənclər ili» elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2006-2010-cu illərdə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı», 2007-2012-ci illərdə “Azərbaycan  Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə  Dövlət  Proqramı” təsdiq olundu, 2013-cü ildə ölkədə ilk dəfə «Gənclər üçün Prezident Mükafatı» təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi.

Dövlət Proqramlarına uyğun olaraq Azərbaycan gənclərinin dövlətin dəstəyi ilə dünyanın ən tanınmış ali məktəblərində təhsil almaları, yüksək ixtisaslı kadrlar kimi ölkə iqtisadiyyatının qüdrətlənməsində  fəaliyyət göstərmələri əvəzolunmaz siyasətin bariz nümunəsidir.  Bu dövlət proqramları gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edərək, bu sahədə gənclərin uğur qazanmasında əsas vasitələrdəndir. Bu gün həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli  mütəxəssislər kimi müxtəlif sahələrdə  i, ölkənin parlaq gələcəyi naminə əllərindən gələni etməyə, ölkə prezidentinin onlara bəslədiyi etimadı, inamı böyük iradə ilə doğrultmağa çalışırlar.

Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində də həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Şəhidlik zirvəsinə yüksələn gənclərin çoxu məhz ölkə Prezidentinin vətənpərvər çıxışları, tarixi nitqləri, gəlcək ideyaları, mübariz əzmi ilə böyüyən həmin gənclər idi.

2 fevral 2022-ci il tarixində Azərbaycan gəncləri gününün 25 illiyinə həsr olunmuş Gənclər forumunda çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “…bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayırlar. Gənclərin təşəbbüsləri, onların əməyi bu  gün hər yerdə görünməkdədir və yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri sırasında önəmli yer tutur,  … indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün, həm də dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.

Bu gün gənclər ölkədəki demokratiya quruculuğu istiqamətində uğurla həyata keçirilən çoxşaxəli fəaliyyətə öz töhfələrini verməkdədirlər. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.

Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilmişdir.

Yolçuyeva Zümrüd,
Bakı Slavyan Universiteti

Oxşar Xəbərlər

Back to top button