Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gələrək tədbirdə iştirak edib. Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Bu ilki BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.
Prezident İlham Əliyev çıxışında “Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə əyani şəkildə nümayiş etdirdiyini vurğulayıb”. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.
Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının–COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı Azərbaycanın siyasətinə hörmətin və dəstəyin parlaq sübutudur.Dövlətimiz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstəriləcək.
BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.
Yaqubova Arzu,
Xəzər rayonu, 181 nömrəli məktəbin tarix müəllimi