Analitika

Uğurlu fəaliyyətin zəmanətverici faktoru kimi Prezident İlham Əliyev ölkədə sabitliyi qorudu

Prezident İlham Əliyevin neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi ideyası və bu fenomenal ideyanın bu gün çox məharətlə reallaşdırılması faktı Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirən mühüm faktorlardan biridir. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Prezident İlham Əliyevin daxili siyasətində regionların sosial-iqtisadi inkişafı mühüm yer tutur. Bu, müasir dövrümüzdə yerli özünüidarəetmə orqanlarının dünyanın aparıcı dövlətlərində qəbul olunmuş “paytaxtda və şəhərdəki istehsal və xidmətlər eyni keyfiyyətdə əyalətlərdə və kəndlərdə olmalıdır” prinsipinin ölkəmizdəki əyani formada inikasıdır. Belə ki, 2004-cü ildə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul olunması ölkəmizin iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoydu və regionların inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri səviyyəsinə qaldırıldı. Əyalətdəki iş adamları bir sıra vergi güzəştləri və digər imtiyazlarla təmin edildilər. Görülən kompleks işlərin nəticəsində regionlarda infrastruktur təminatı və kommunal xidmətlər yaxşılaşdırıldı, yeni məktəblər, səhiyyə və mədəniyyət ocaqları, idman kompleksləri tikildi, yollar salındı, yeni iş yerləri açıldı. Digər sahələrlə yanaşı, ordu qu­ruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər reallaşdırıldı. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən lider kimi dövlətimizin inkişafı, mənəvi dəyərlərimizi qorunması, xalqın güzəranının yaxşılaşması istiqamətində səylə çalışır. Uğurlu fəaliyyətin zəmanətverici faktoru kimi Prezident İlham Əliyev ölkədə sabitliyi qorudu. Bunun üçün, ilk növbədə, qarşılıqlı münasibətləri tənzimləyən vətəndaş həmrəyliyini, dinamik inkişafı təmin etmək üçün cəmiyyətdə sağlam mənəvi mühi­ti, vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qo­rumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Prezident daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlət başçısı xalqa arxalanaraq Azərbaycanı inkişafa doğru aparır.

Rzayeva Səba,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button