Uğurlu Cənub Qaz Layihəsi

Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə vermişdir.
Cənab Prezident Qaz dəhlizi ilə əlaqədar danışarkən bildirmişdir ki, həmin layihələrə başlayanda onlar barədə müxtəlif ideyalar var idi. Nikbin düşüncələr də var idi, bədbin də. Həmçinin bizim bu məsələnin öhtəsindən gələ bilməyəcəyimizi düşünənlər də var az deyildi. Layihənin qurulması üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanlarımız ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Həmçinin, cənab Prezident İlham Əliyev qeyd etdi ki, uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır.
Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var. Yüksək səviyyədə maraq doğuran layihə qeyd olunan kimi enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü xoşbəxt hisss edir. COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.
Bütün bunlardan qürur hissi ilə bəhs edən Cənab Prezident İlham Əliyev eyni zamanda layihənin həyata keçməsi prosesində yarana biləcək problemlərdən də bəhs etdi. İqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarının göründüyünü,çaylarımızda suyun azaldığını, dağlarımızda qar azaldığını, Xəzər dənizində suyun səviyyəsi azaldığını nəzərə almasaq biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyimizi qeyd etdi.
“Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialımız 157 giqavat təşkil edir. Artıq mühüm yolu qət etməyə başlamışıq. 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.” Bu sözləri böyük həvəs və əzmkarlıqla söyləyən cənab Prezident İlham Əliyev eyni zamanda qeyd etdi ki, Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı.
Atakişiyeva İradə,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin direktor müavini



