Analitika

Türkiyə sülhün, sabitliyin və əməkdaşlığın təminatçısıdır

“Azərbaycan tək deyil,Türkiyə Azərbaycanın yanındadır’’ – ‘’Ordularımız tək yumruq kimi hərəkət edir’’ sözlərini Türkiyə Respublikasının Prezidenti Ərdoğanla birgə mətbuat konfransı keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. O, bildirib ki, Azərbaycan xalqı Türkiyənin qardaş dəstəyini heç vaxt unutmayacaq. Türkiyə bu gün dünyada söz sahibidir, sülhün təminatçısıdır. Türkiyə-Azərbaycan birliyi təkcə region üçün deyil, Avrasiya üçün də önəmlidir. Türk dünyasının birləşməsi, ortaq mədəniyyətlərə malik xalqların birgə yaşaması Türk Dövlətləri Təşkilatının hər bir üzvünün gücünü gücləndirəcək.

2020-ci il sentyabr hadisələri göstərdi ki, dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar işğalçını zamanında cəzalandırsaydılar, hazırda bu qədər ərköyünləşməz, yeni ərazilər istəyi ilə müharibəyə başlamazdı. Dövlətimizin başçısı İlham Əliyevin bütün müsahibələrində, xalqa müraciətlərində qeyd etdiyi kimi, əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər.

Azərbaycan Ordusu kifayət qədər güclü, müasir silahlarla təchiz edilmiş ordudur. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə dərin təşəkkürünü bildirən cənab İlham Əliyev bir reallığı diqqətə çatdırır ki, əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır: «Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər.

Dost, qardaş Türkiyənin dəstəyi nəinki dövlət başçısı səviyyəsində, eyni zamanda, sıravi vətəndaşlar tərəfindən də yüksək dəyərləndirilir. Bu gün Azərbaycanla yanaşı, Türkiyədə də hər addımda Azərbaycan və Türkiyə bayraqlarına birgə rast gəlinir. Türkiyənin əksər televiziya kanallarını izlədikcə bu qardaşlığın sarsılmazlığını, Azərbaycanın yaşadıqlarını Türkiyənin öz problemi kimi qəbul etməsindən ancaq qürur duymaq olar. Qəzetlərdə manşeti Azərbaycan Ordusunun qələbə xəbərləri, dövlətimizin başçısı İlham Əliyevin dünyaya ünvanladığı mesajlar yer alır.

Ölkə Prezidenti İlham Əliyev «TRT Haber» televiziya kanalına müsahibəsində bir daha “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin qədim tarixi köklərə malik olduğunu, bu birliyin, həmrəyliyin illər keçdikcə daha da möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırdı. Keçilən yola baxış əsasında dövlətimizin başçısı İlham Əliyev bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Bu, təkcə öz qardaşlarına verilən dəstək deyil: «Odur ki, biz – bütün Azərbaycan xalqı buna görə dərin təşəkkür hissi ilə yaşayırıq. Eyni zamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır.»

Hər zaman olduğu kimi, bu gün də Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi qürurvericidir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Cənab İlham Əliyevin fikirlərinə istinad etsək, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi: «Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu-kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır!

Türkiyə-Azərbaycan birliyi dərin köklərə malikdir. İki qardaş ölkənin birgə səyləri, qarşılıqlı faydalı əməkdaşlığı nəticəsində gerçəkləşdirilən irimiqyaslı layihələr strateji tərəfdaşlığı səciyyələndirən mühüm məqamlardır. İqtisadi güc hər bir ölkənin davamlı inkişafında, siyasi mövqeyinin möhkəmlənməsində əsas amillərdən biridir. Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Türkiyə ilə Azərbaycanın siyasi iradəsi və qətiyyəti sayəsində reallaşdırılan layihələr bu gün nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına geniş imkanlar açır. Hər bir layihə əməkdaşlıq əlaqələrinin dünəninə və bu gününə bir daha işıq salır, gələcək perspektivlərin müəyyənləşdirilməsində bir növ katalizator rolunu oynayır. Ölkə Prezidenti İlham Əliyev iki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olduğunu önə çəkərək bildirir ki, bu möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirdiyimiz layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır.

Türkiyənin son illərdə böyük və şərəfli yol keçdiyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev bu reallığı da xüsusi qeyd edir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib: “Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.”

Əkbərova Hüsniyyə,
Xəzər rayonu, 92 N-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button