Türkiyə-Azərbaycan qardaşlığı
Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Bu, sadəcə qardaşlıq mesajı deyil. Sözügedən mesaj dolayısı ilə ona işarə edir ki, beynəlxalq münasibətlər sistemində Azərbaycan və Türkiyə vahid aktor kimi çıxış edirlər. Odur ki, regiondan keçən bütün qlobal layihələrdə həm Türkiyənin, həm Azərbaycanın milli maraqları mütləq olaraq nəzərə alınmalıdır.
Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəli, sözügedən Bəyannamənin məhz Şuşada imzalanması faktının böyük rəmzi mənası var. Bəyannamənin məhz Şuşada imzalanması həm də Böyük Qələbəmizin növbəti beynəlxalq rəmzidir. Ancaq ehtimal edə bilərik ki, Bəyannamə həm də hər iki ölkənin beynəlxalq münasibətlər sistemində vahid mövqedən çıxış etməsinin rəmzidir. Sözügedən mesaj həm dost olan ölkələrə, həm də bizə düşmən gözü ilə baxan ölkələrə yönəlib. Eyni zamanda, bu amil o deməkdir ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq təşkilatlar müstəvisində artıq bir yox, iki səsə malik olacaqlar. Əslində, Prezident İlham Əliyev sözügedən fikri açıq şəkildə səsləndirmişdir: Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər.
Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Sözügedən mesaj beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirir ki, münasibətlərimizin konkret strategiyası və konkret müəyyən olunmuş prioritet planları da mövcuddur. Dünyada baş verən hadisələr fonunda bu mesaj o deməkdir ki, geosiyasi təlatümlər, münaqişələr və dəyişiklər heç bir halda Azərbaycan-Türkiyə tandeminin strateji prioritetlərinə təsir edə bilməz. Odur ki, bu mesaj həm də güc mesajıdır.
Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Sözügedən mesaj ordumuzun gələcək inkişaf modeli ilə bağlı olan bütün suallara olduqca konkret cavabdır. Mesaj milli Ordumuzun inkişaf strategiyasını müəyyən edir və Azərbaycanın hərbi əməkdaşlıq vektoruna da aydınlıq gətirir.
Bugünkü dünyada güc amili ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq
Məmnunluq hissi ilə qeyd etdik ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik.
Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Qeyd olunan mesajın şərhi ondan ibarətdir ki, enerji böhranı yaşayan Avropa anlamalıdır ki, Azərbaycanda və Türkiyədə siyasi sabitliyin qorunması məsələsi artıq onların da milli maraqlarına daxildir.
Təbii ki, hər dəfə görüşəndə biz nəqliyyat məsələlərini də geniş müzakirə edirik. İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.
Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Əslində, sözügedən mesaj bir xatırlatmadır ki, Azərbaycan və Türkiyə bütün təzyiqlərə rəğmən öz strateji prioritetlərindən vaz keçməyəcəklər və qərarlarında israrlıdırlar. Bu cür davamlılıq və prinsipiallıq beynəlxalq ictimaiyyəti “Zəngəzur dəhlizi” layihəsi ilə qəbullanmağa məcbur edəcəkdir.
Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Nəzərə alınmalıdır ki, bu, sadəcə növbəti hər hansı birgə obyektin inşası ilə bağlı olan layihə deyil. Türkiyə-Azərbaycan birgə universitetinin strateji təyinatı iki qardaş ölkə və millətin arasında humanitar həmrəyliyin rəmzinə çevrilməkdən ibarətdir. Məhz humanitar həmrəylik qardaşlıq əlaqələrimizi müxtəlif risk və təhdidlərdən qoruya biləcəkdir.
Musayeva Azadə,
Xəzər rayonu, 149№ tam orta məktəbin müəllimi