Analitika

Türk dövlətlərinin birgə faəliyyəti

Prezident İlham Əliyevin cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxış, Türk dünyasının birliyini və Azərbaycanın bu istiqamətdəki prioritetlərini açıq şəkildə nümayiş etdirdi. Cənab Prezidentin bəyan etdiyi kimi, Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Ölkəmizin türk dövlətlərinin birgəliyində, əməkdaşlığında özünəməxsus və aparıcı rolu var. Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində bu gün türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb, türk dövlətləri  dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı birgə mübarizə aparırlar.

Xüsusilə qeyd etmək lazımdır ki,cənab İlham Əliyevin yürütdüyü mükəmməl siyasət sayəsində bu gün şərqlə qərb arasında mühüm qovşağa çevrilən Azərbaycanın inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi sayəsində Mərkəzi Asiyadan və Çindən Avropaya daşınan yüklər artıq daha qısa vaxta və daha az xərclə Avropaya çatdırılır. Bu isə Mərkəzi Asiya ölkələrinin, eləcə də türk dövlətlərinin inkişafına müsbət təsirini göstərir. Bildiyimiz kimi bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Bu görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir.

Dünyada cərəyan edən proseslərin fonunda Türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə zərurət özünü qabarıq şəkildə büruzə verir. İnanırıq ki,Türk dövlətləri milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərəcək. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı,xüsusən təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı daha da fəallaşdırmalıyıq.

Ayşən Kazımova,
Şuşa rayon 6 nömrəli tam orta məktəbin direktor müavini 

Oxşar Xəbərlər

Back to top button