Trans-Xəzər nəqliyyat dəhlizi

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə diplomatik əlaqələr quran ilk Asiya dövlətlərindən biri də Qazaxıstan Respublikasıdır. Həmin vaxtdan başlayaraq, ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırmışdır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT, İƏT, MDB, TÜRKSOY, TDT və digər nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər. Bu münasibətlər bu gün də yüksək səviyyədə davam etdirilir.
Qazaxıstan və Azərbaycan təkcə sözdə deyil, əməldə də strateji əməkdaşdır və müttəfiqdir. Qazaxıstan həm türk dövlətləri, həm də Mərkəzi Asiya ölkələri arasında Azərbaycanın mühüm və etibarlı tərəfdaşlarındandır. Ölkələrimiz arasındakı müttəfiqlik münasibətləri ölkələrimizin gələcək inkişafı üçün mühüm təməldir. Bu gün həm rəsmi Astana, həm də Bakı güclərini bir araya gətirərək mövcud əlaqləri hərtərəfli inkişaf etdirir.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Son dövrlərdə Azərbaycan və Qazaxıstan dövlət başçılarının qarşılıqlı silsilə səfərləri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin yaranmasına təkan verib. İki ölkənin regionda bütün sahələr üzrə lokomotiv rolunda olması və qarşılıqlı müsbət əlaqələrin inkişafına meyillənməsi Avrasiya regionu üçün çox mühüm hesab edilə bilər. Azərbaycan – Qazaxıstan arasında ticarət əlaqələri müsbət tendensiya ilə inkişaf edir. İxrac-idxal mallarının nomenklaturalarının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşlarının təşviq edilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər qarşıya qoyulan hədəflər sırasındadır.
Qazaxıstan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Ulu öndərin balanslaşdırılmış xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Qazaxıstanla ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi nəzərdən keçirmişdir. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.
Bu günlərdə ölkəmizdə səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə səslənən fikirlər də bundan xəbər verir. İki ölkə arasında xoş münasibətlər qarşılıqlı səfərlərin xronologiyasından da aydın görünür. Belə ki, son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.
Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib. Qazaxıstan lideri isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.
İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bunların sırasında “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş”i, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergitutma sahəsində Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i və digər sənədləri sadalamaq mümkündür. Bütövlükdə, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq, ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.
Qazaxıstan və Azərbaycanın yerləşdiyi coğrafi mövqenin strateji əhəmiyyətini Orta Dəhlizin mövcudluğu ilə əlaqələndirmək olar. İki ölkə arasındakı çoxtərəfli əməkdaşlıqlar çərçivəsində tranzit imkanlarının genişləndirilməsi, multimodal nəqliyyat dəhlizlərinin mövcudluğu ilə biznesin inkişafı və investisiya qoyuluşlarının artması Mərkəzi Asiya, Cənubi Qafqaz, ümumilikdə Türk dünyasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək.
Azərbaycan və Qazaxıstan istər ikili münasibətlər, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərdə bir-birlərini səmimi dəstəkləyirlər. Onlar yeni yaranmış Türk Dövlətləri Təşkilatı müstəvisində də ortaq mövqedən çıxış edir, Türk dünyasının birliyi üçün davamlı məsləhətləşmələr aparırlar. Qazaxıstanın regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi, Azərbaycanın ərazi bütövlüyünü daim müdafiə etməsi ölkəmiz tərəfindən hər zaman müsbət qiymətləndirilib və bu faktorlar Qazaxıstanla dostluq, qardaşlıq münasibətlərinin gözəl gələcəyinə inamı güclü saxlayır. Ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi



