
Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri Azərbaycan – ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi tarixə düşdü. Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens ilə əvvəlcə məhdud, daha sonra isə geniş tərkibdə görüşləri keçirilmişdir. Görüşlərdə regional və qlobal proseslər, sülh təşəbbüsləri və iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Görüşlərdə Prezident İlham Əliyev Azərbaycan – ABŞ münasibətlərində əldə olunan nailiyyətlərə yüksək dəyər verdiyini, son altı ayın Azərbaycan – ABŞ tərəfdaşlığı üçün olduqca məhsuldar dövr olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev bu müddət ərzində ABŞ Prezidenti Donald Trampla iki görüşünün baş tutduğunu və bu görüşlərin, eləcə də Vitse-prezidentin rəsmi səfərinin tərəfdaşlığın daha da gücləndirilməsinə qarşılıqlı marağın göstəricisi olduğunu, bu gün Azərbaycan – ABŞ münasibətlərinin daha yüksək səviyyəyə qalxdığını bildirmişdir.
Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri kimi qiymətləndirilən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşmasına xidmət edən strateji təşəbbüsdür. Bu layihə Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, Azərbaycan və Ermənistan ərazisindən keçməklə Asiya ilə Avropa arasında təhlükəsiz, etibarlı və genişmiqyaslı nəqliyyat bağlantısı yaratmağı hədəfləyir. TRIPP dəhlizi regional əməkdaşlığın dərinləşdirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi inteqrasiyanın sürətləndirilməsi baxımından mühüm imkanlar açır. Eyni zamanda, bu marşrut sülh gündəliyinin möhkəmləndirilməsi və post-münaqişə dövründə etimadın bərpası üçün mühüm platforma rolunu oynayır. Layihənin həyata keçirilməsi region ölkələri arasında qarşılıqlı asılılığı artırmaqla münaqişə risklərini azaltmaq və uzunmüddətli sabitliyə töhfə vermək potensialına malikdir. TRIPP təşəbbüsü həm də beynəlxalq investorlar və biznes dairələri üçün yeni logistika imkanları yaradaraq regional iqtisadi dinamikanı gücləndirəcək. Nəticə etibarilə, Tramp-Vens administrasiyasının təşviq etdiyi bu strateji marşrut yalnız nəqliyyat layihəsi deyil, həm də sülh, əməkdaşlıq və qarşılıqlı rifahın təmin olunmasına yönəlmiş kompleks geosiyasi təşəbbüs kimi dəyərləndirilir.
Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri



