Torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük
21 İyul 2023- cü il tarixində baş tutmuş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu işgaldan azad edildikdən sonra Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşa şəhərində keçirilmişdir. Şuşada ardıcıl şəkildə keçirilən bu tədbirlər Qarabağın Azərbaycanın ayrılmaz biz hissəsi olduğunu dünya ictimaiyyətinə aydın şəkildə nümayiş etdirir. Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı və Azərbaycanın igid əsgərləri bu müddətdə misli görülməmiş qəhrəmanlıq göstərərək tarix yazdilar. Bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri indi də müstəqil Azərbaycanın tarixində ilk dəfədir dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya topladı.
Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi əsas tutulub. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və yalan xeberlerle mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edilməsi nəzərdə tutulub.
Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Forum iştirakçıları olan media xadimlerinin suallarını da ardıcıl şəkildə cavablandırdı. Türkiyə və Azərbaycan xalqları arasındakı dostluq və dövlətlərarası əməkdaşlığın necə inkişaf edəcəyi ilə əlaqəli ünvanlanan suallara cavab olaraq Cənab Prezident qeyd etdi: ” İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. İki ölkə arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub.”
Forumda gündəmə gətirilən əsas məsələlərdən biri də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi uğurlu fəaliyyəti ilə bağlı olmuşdur. Bu uğurların hərəkata yeni nəfəs qatdığı danılmaz faktdır. COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatı dünya ictimaiyyətinin bu problemə diqqətinin cəlb olunmasında liderlik nümayiş etdirdi. Azərbaycan sədr kimi, vaksin milliyyətçiliyinə qarşı fəal çıxış edən ölkələrdən biri olub.
İlham Əliyev ona ünvanlanmış suala cavab olaraq “Torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük. Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir.” deyə vurğulayıb.
Dünya ictimaiyyətinin Azərbaycanın inkişafı, baş vermiş beynəlxalq və regional prosseslərdə mövqeyi ilə bağlı maraqlı olan sualların cavablandırıldığı bu forumda Azərbaycan media nümayəndələrinin Vətən müharibəsi dövründə fəaliyyətinin yayılmış dezinformasiyalarla mübarizədə qələbəmizin əsas iştirakçıları olduğu bildirilirdi.
Bu gün Azərbaycan mediası çox böyük işlər görür. İşğal dövründə biz hamımız, tutduğu vəzifədən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlı bir məqsədə doğru yorulmadan gedirdi. Azərbaycan reallıqları haqqında məlumatları dünya ictimaiyyətinə təkcə beynəlxalq hüquq prizmasından yox, ümumi insani prizmadan üzləşdiyimiz problemləri çatdırmaq üçün birinci vasitəmiz media olmuşdur. Öz həqiqətlərimizi sübut etməliyik. Bizə qarşı bu gün yenə də kampaniya davam edir. Bizim Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara biz tutarlı, real arqumentlərlə cavab verməliyik. Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir və xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır.
Babayeva Ləman,
Xəzər rayonu, 136 nömrəli məktəbin müəllimi