Təbiətin, həyatın oyanması Novruzdan başlanır
Novruz bayramı şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunur. 21 mart tarixində gecə ilə gündüzün bərabərləşdiyi bu gündə qədim zamanlardan bir sıra xalqlar elə həmçinin azərilər də yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd etmiş şənliklər keçirmişlər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.
Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.Novrzu bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. Çox uzun müddətlər daim din xadimləri və müxtəlif təriqət nümayəndələri Novruz bayramına dini libas geyindirməyə çalışmış və onu öz gözlərində ayırmaq üçün bu kimi bir sıra işlər görmüşlər. Dini məsələlərin Novruz Bayramına təsiri isə Ərəb xilafətinin Azərbaycana gəlişi ilə başlamışdır.
Xalqların çox hissəsi elə qədim zamanlardan olan adətləri özlərində saxlamışlar. Və məlum olur ki, keçirilən bu bayramlar, bu adətlər heç bir dini ehkamlarla əlaqəsi olmadan keçirilir.Azərbaycanda Novruz bayramı böyük təm-təraqla qeyd olunur. Bu bayram süfrələr zövqlə bəzənir. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır. Yurdumuza Novruz gəlir, bahar gəlir, yaz gəlir. Qaranquşların qanadında, yavaş-yavaş qış yuxusundan oyanan torpağın rayihəsində, ağacların, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun baharı.Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.
Qədim Vavilonada bu bayram Nisanın (mart, aprel) 21 günü qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır. İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqalarını qeyd etmək olar.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı