Analitika

Tariximizin qanlı səhifəsi – 1918-ci il Mart soyqırımı

Birinci Dünya müharibəsinin sonlarına yaxın, 1918-ci ilin mart ayında yaranmış mürəkkəb şəraitdə Azərbaycanın müxtəlif yerlərində erməni-daşnak və bolşevik dəstələri birlikdə azərbaycanlı əhalini kütləvi qırğınlara, soyqırımına məruz qoydular. Şərqi Anadoluda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınlar üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri rus Qafqaz cəbhəsi dağıldıqdan sonra ordu hissələri ilə birlikdə Cənubi Qafqaza gəldilər. Bu zaman anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Qafqaz cəbhəsindən qayıdaraq Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri yolboyu Azərbaycan kəndlərini talan edir, aclıq və səfalət içərisində olduqlarından Bakı Sovetinin xidmətində qalmağı vətənə dönməkdən üstün tuturdular. Ordu silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. Kütləvi qırğınların, soyqırımlarının coğrafiyası geniş olub, 1917-ci ilin payızından etibarən Cənubi Qafqazda tarixi Azərbaycan torpağı olan İrəvan quberniyasını – indiki Ermənistan Respublikası ərazisini, Cənubi Azərbaycanı, Tiflis quberniyasının Borçalı qəzasını və indiki Azərbaycan Respublikası ərazisini əhatə edirdi. Erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu. Martın 30-da axşamüstü S.Şaumyan başda olmaqla Bakı Soveti və erməni-daşnak dəstələri tərəfindən dinc türk və müsəlman əhaliyə qarşı soyqırımına başlandı. 31 mart tarixi iki dəfə – 1919 və 1920-ci illərdə Cümhuriyyət hökuməti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi. Azərbaycan xalqının ümummilli lideri, Prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Cümhuriyyət hökuməti soyqırımı qurbanlarının dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında onların xatirəsinə abidə qoymağı planlaşdırsa da, bolşevik işğalı bu niyyətin də gerçəkləşdirilməsinə mane oldu. Prezident Heydər Əliyevin Bakı şəhərində Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması haqqında 1998-ci il 5 avqust tarixli Sərəncamına uyğun olaraq həmin ilin oktyabrın 9-da kompleks açıldı. 2007-ci ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şəhidlər xiyabanı yenidən qurularkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirildi və digər işlər görüldü. Azərbaycanlılara qarşı törədilmiş soyqırımları haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər Prezident İlham Əliyevin hücum diplomatiyası xəttini elan etməsindən sonra görüldü. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti müstəsna əhəmiyyət daşıyır.Erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən, məsələn, 1905-1906-cı il qırğınlarından bir millət olaraq ibrət dərsləri alsaydıq, müstəqil və güclü dövlətimiz olsaydı, 31 mart olmaya bilərdi. Əgər 31 martı bilsəydik, ondan düzgün nəticə çıxarsaydıq və güclü dövlətimiz olsaydı, Xocalıda törədilən soyqırımı da olmazdı. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətimiz və uca millətimiz daim güclü olmalıdır.

Dilqəm Əlirzayev,
Nizami rayon 70 saylı məktəb-liseyin direktor müavini, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button