Analitika

Tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günü

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi.

Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən  Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atılıb.

Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə tam qadir olduğunu göstərdi. 1993-cü ilin avqustunda Azərbaycanın ərazi bütövlüyünü cənubdan təhdid edən oyuncaq «Talış—Muğan Respublikası» iddiasına xalqın iradəsi ilə silah işlədilmədən son qoyuldu.

Digər tərəfdən, gənc müstəqil Azərbaycan Respublikasının demokratik əsaslar üzərində qurulması naminə Heydər Əliyev 1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Əbülfəz Əliyevin prezidentlik səlahiyyətlərinin ona həvalə edilməsinə baxmayaraq, 1993-cü il avqustun 29-da prezidentə etimad məsələsinə dair referendum keçirilməsinin təşəbbüskarı oldu. Həmin referendumda Azərbaycanın səsvermə hüququna malik vətəndaşlarının 92,2 faizi iştirak etdi, onların 97,5 faizi Əbülfəz Əliyevə və onun başçılıq etdiyi AXC—Müsavat iqtidarına etimadsızlıq göstərmək barədə öz tarixi hökmünü verdi.

Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınıb. Qlobal reytinq agentlikləri, o cümlədən Davos İqtisadi Forumu, Dünya Bankı milli iqtisadiyyatımızın durumu və perspektivləri ilə bağlı müsbət rəylər ifadə ediblər. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü seçilib. Hazırda respublikamız Türk Şurasına, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına inamla sədrlik edir ki, bu da ölkəmizə beynəlxalq miqyasda böyük inam bəslənildiyinin təsdiqidir. Bu gün Azərbaycan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində bölgənin enerji xəritəsini tamamilə dəyişməyə nail olub, həmçinin Avropanın enerji təhlükəsizliyində böyük çəkiyə malik bir ölkəyə çevrilib. Zəruri infrastrukturun yaradılması sayəsində Azərbaycanın istər Şimal-Cənub, istərsə də Şərq-Qərb nəqliyyat dəhlizində strateji məntəqə kimi rolu əhəmiyyətli dərəcədə artıb.

Bütövlükdə, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button