Analitika

Tarixi qələbənin memarı – Müzəffər Ali Baş Komandan

15 oktyabr 2003-cü il. Respublikamzda növbəti Prezident seçkisi keçirildi. Seçicilərin 76 faiz səsini qazanaraq Ulu öndərin davamçısı- İlham Əliyev bu vəzifəyə layiq görüldü. Hələ 1 oktyabr 2003-cü ildə H.Əliyev xalqa tarixi müraciətində demişdi:” Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”

Bəli, xalq öz seçimində yanılmadı. İlham Əliyevin müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirməsi, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qoruması Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilərək, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirildi və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edildi, insanların rifah halı daha da yaxşılaşaraq , xalqa verilən vədlər bütünlüklə yerinə yetirildi. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapdı. Ötən dövr ərzində Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır.

Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Digər sahələrdə olduğu kimi, hərbi sahədə də ölkə rəhbərliyi tərəfindən uğurlu siyasət aparıldığı bir daha təsdiqini tapdı.

Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı və formalaşdırdığı Azərbaycan Milli Ordusu hazırda dünyanın güclü ordularından biri hesab edilir. Bu ordu işğal altında olan torpaqlarımızın tamamilə azad edilməsi üçün bütün zəruri vasitələrlə təmin edilmişdir, Vətənin ərazi bütövlüyünün bərpa edilməsi naminə döyüşə atılmaq üçün böyük ruh yüksəkliyinə malikdir və bunu 2016-cı ilin Aprel döyüşləri də, bu il sentyabrın 27-dən davam edən uğurlu döyüş əməliyyatları da sübut etdi. Möhtərəm Prezidentimiz İlham Əliyev Ulu Öndərin siyasətinə sadiq qalaraq, torpaqlarımızın bir qarışının da düşmənə verilməyəcəyini, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına xalqımızın heç vaxt yol verməyəcəyini qətiyyətlə bəyan etmişdir.

Noyabrın 23-də işğaldan azad edilmiş Ağdamda səfərdə olarkən Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məsələsinin hər an gündəmdə prioritet məsələ olduğuna diqqəti çəkərək demişdir: “Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”. Həqiqətən də, ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən beynəlxalq müstəvidə böyük işlər görülürdü. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilmişdi, sonradan isə BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası müvafiq qərar və qətnamələr qəbul etmişdilər. Bu hüquqi baza Azərbaycanın siyasi müstəvidə qələbə qazanması demək idi.

44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində ermənilərin zəbt etdiyi şəhər və qəsəbələrimiz bir-birinin ardınca işğaldan azad olundu: Füzuli şəhəri, Horadiz qəsəbəsi, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları… Nəhayət, alınmaz qala, Qarabağın ürəyi, gözəl və qədim Şuşa da düşməndən azad edildi. Müzəffər Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini – milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağını, xarı bülbülümüzü öz canı və qanı bahasına yenidən və əbədi olaraq fəth etdi. Bu böyük hərbi qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanına gedərək, xalqa müraciət etdi. Şuşanın alınması münasibətilə xalqımızı təbrik edən Ali Baş Komandan İlham Əliyev bu məsələyə də toxunmuşdur: “…Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Zamanın hər dövründə, hər bir qanlı müharibələrdə ən böyük qələbə – iradə, qətiyyət göstərərək, düzgün addımlar ataraq, düzgün qərarlar qəbul edərək müharibədə qalib gəlməklə yanaşı, maksimum insanın həyatını xilas etməyi bacarmaqdır. Əbəs yerə deyil ki, belə qələbələrə imza atanlar həm Müzəffər sərkərdə, həm də Xilaskar lider olaraq tarixə düşür, könülləri fəth edir, xatirələrdə, tarixin səhifələrində əbədi olaraq qalırlar. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, üç rayonumuzun düşməndən döyüşsüz azad edilməsinə nail olmaqla minlərlə insanın həyatını xilas edən, ölkəsinin vətəndaşlarının həyatının dəyərini hər şeydən uca tutan humanist Xilaskar Sərkərdə kimi də adını tarixə qızıl hərflərlə yazdı və bir sərkərdə olaraq son 200 ilin ən möhtəşəm, ən parlaq Qələbəsinə, şanlı Zəfərə imza atdı. Bu da Azərbaycan xalqının həyatında ən qürurverici və əbədiyyən unudulmayacaq tarixi hadisədir.

İsgəndərova Elnarə,
Xəzər rayonu, 125№-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button