AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Tarixi ədalətin bərpası və Zəfər başlanğıcı

27 Sentyabr tarixi Azərbaycanın yeni tarixinin ən şanlı, həmçinin ən qürurlu səhifələrindən biri kimi qızıl hərflərlə yazılmışdır. Həmin gün otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad olunması üçün Müzəffər Ali Baş Komandanın əmri ilə “Dəmir Yumruq” əməliyyatı başlandı.

Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçdi. Bu haqq mübarizəsi xalqımızın otuz illik həsrətinə, ədalətsizliyə və torpaq itkisinə son qoymaq üçün yeganə və qaçılmaz yol idi. Azərbaycan xalqı ilk dəqiqələrdən etibarən öz liderinin ətrafında dəmir kimi sıx birləşərək həmrəylik nümayiş etdirdi. Ölkə başçısının qətiyyətli siyasi iradəsi və ordumuzun peşəkarlığı bu savaşın taleyini əvvəlcədən həll edən əsas amillər oldu. Prezident İlham Əliyev müharibənin ilk günlərindən etibarən dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini qətiyyətlə çatdırdı. “Biz haqq yolundayıq, bizim mübarizəmiz haqq mübarizəsidir və biz öz torpaqlarımızda vururuq, öz ərazi bütövlüyümüzü bərpa edirik,” – deyə dövlət başçısı qətiyyətini nümayiş etdirdi.

Bu savaş təkcə hərbi qələbə deyil, həm də milli ləyaqətin və qürurun bərpası demək idi. Döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət dastanlara sığmayacaq qədər böyük idi. Hər bir yüksəklik, hər bir kənd və qəsəbə düşməndən təmizləndikcə xalqımızın qəlbində qələbə sevinci daha da böyüyürdü.

Təəssüf ki, bu qələbə heç də asan başa gəlmədi, minlərlə igid Vətən övladı qanı-canı bahasına yazdı bu tarixi. Məhz onların qəhrəmanlığı sayəsində üçrəngli müqəddəs bayrağımız yenidən doğma yurdlarımızda dalğalanmağa başladı.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi təsis edildi. Hər il bu gün biz torpaqlarımız uğrunda canından keçən şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirik. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin dediyi kimi: “Şəhidlərimizin qanı yerdə qalmadı, biz döyüş meydanında düşmənə layiq olduğu cavabı verdik və tarixi ədaləti bərpa etdik.”

Bu gün Anım Günü yalnız hüzn deyil, həm də xalqımızın məğlubedilməzliyinin və qəhrəmanlıq ruhunun təntənəsidir.  Şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq və heç vaxt unudulmayacaq. Gələcək nəsillər bu şanlı tarixi öyrənərək Vətənə sədaqət və sevgi ruhunda böyüyəcəklər.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik.

Tanırverdiyeva Reyhan,
Nizami rayonu 312 saylı məktəbin direktor müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button