Analitika

Tarixdə Qələbə Bəyanatı kimi yaddaşlarda qalan 10 noyabr Bəyanatı

Noyabrın əvvəllərində erməni ordusu demək olar ki, tam sürətlə geri çəkilir, heç bir müqavimət göstərmirdi. Xarici müxbirlər erməni silahlı qüvvələrinin arxa cəbhəsində vahimənin get-gedə artması barədə xəbərlər yayırdılar.

Ayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev 23 kəndin işğaldan azad olunduğunu bəyan etdi. Bir qədər sonra daha 48 kəndin, 1 qəsəbənin azad edildiyi, 8 strateji yüksəkliyin ələ keçirildiyi barədə xəbər verildi. Noyabrın 9-dan 10-na keçən gecə üç dövlətin – Azərbaycan, Rusiya və Ermənistanın liderləri keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli Bəyanat imzaladılar.

Həmin gecə Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək demişdi: “Hesab edirəm ki, bu Bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da – Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub… Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu Bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu Bəyanata öz imzamı atmışam. Çünki bu Bəyanat uzun illər davam edən işğala son qoyur…”.

Bəyanata əsasən noyabrın 20-də Azərbaycan Ordusu Ağdam rayonuna daxil oldu. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın Ordumuzun nəzarətinə keçdi. Qələbədən bir qədər sonra Azərbaycan keçmişin qara səhifəsini bağlamaq məqsədilə  düşmən ölkəyə sülh təklif etdi. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub.

İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button