Ölkələr arasında münasibətlərin qurulması prosesi təkcə hökumətlər səviyyəsində aparılmır. Bu istiqamətdə parlamentlərin üzərinə də böyük yük düşür. Çünki parlamentlərilər bir sıra beynəlxalq və regional təşkilatlarda təmsil olunmaqla, faktiki olaraq diplomatiyanın bir parçasına çevrilirlər. Digər tərəfdən, deputatlar birbaşa seçkilər vasitəsilə mandat qazandıqları üçün onlar xalqın nümayəndələri hesab olunurlar. Belə olan halda, millət vəkilləri faktiki olaraq xalq diplomatiyasının təmsilçiləri kimi qəbul edilirlər.
Cari ilin 23 sentyabr tarixində VII çağırış Milli Məclis öz işinə başlamışdır. Builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Bu, tarixi hadisə İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsinin nəticəsidir. Bu baxımdan VII çağırış deputatların üzərinə daha böyük məsuliyyət düşür. Çünki deputatlar ölkənin tanıdılması, təbliğ edilməsi kimi missiyalarına da xüsusi diqqət yetirməlidirlər. Ələxüsus da ona görə ki, regionumuz hal-hazırda dünyanın diqqət mərkəzindədir. Belə olan halda isə Qərb parlamentlərində Azərbaycana qarşı qərəzli bəyanatların, qətnamələrin davamının gəlməsi ehtimalı az deyil. Bu cür xoşagəlməz durumla mübarizənin aparılması və təbliğatın düzgün formalaşdırılması üçün savadlı, dövlətçi təfəkkürə malik, millətin və ölkənin məsələlərini daha yaxşı bilən, xarici deputatlarla əlaqə qurmağı bacaran hazırlıqlı şəxslərin deputat seçilməsinə ehtiyac var idi. Sözügedən peşəkar kadrların Milli Məclisdə təmsil olunması dövlətçiliyimiz, haqq səsimizin Qərb parlamentlərinə çatdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də VII çağırış Milli Məclisin deputatlarının qarşısında bu cür mühüm vəzifə dayanır.
Tədbirdə çıxış edən İlham Əliyev bildirmişdir ki, artıq 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Bizim birinci nömrəli vəzifəmiz hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.Belə demək olarsa ,beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər. Məhz buna görə Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq, əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər. Dövlət başçısı vurğulamışdır ki, kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər.
Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Tərbiyənin əsas mənbəyi ailə və məktəbdir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır.
İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparırıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcəkdir. Hər birimiz vətəndaş kimi əlimizdən gələni etməliyik ki, vətənimiz daha da inkişaf etsin, bir daha düşmən bizə qənim kəsilməsin. Məktəbliləri vətənpərvər ruhda böyüməyə, onlara dövlətə, millətə gərəkli övlad olmağa həvəsləndirməliyik.
Yaşasın Azərbaycan xalqı və şanlı ordumuz!
Taryel Abdalov,
Xəzər rayonu, 123 nömrəli məktəbin müəllimi