Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas olunması deməkdir
Bu gün artıq Şuşanın yeni tarixi başlayır. Şuşaya ilk köçün məhz mayın 8-də baş tutması həm də böyük anlam daşıyır. Sevinc hissi ilə şuşalılarımız öz doğma yurd-yuvalarına qayıdırlar. Hər birimiz bu günü, qayıdış gününü böyük səbirsizliklə gözləyirdik. Uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar. Heç şübhəsiz ki, Vətən müharibəsinin Zəfər simvolu olan Şuşa, Böyük Qayıdış planının da simvoluna çevriləcəkdir.
İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir. Artıq Şuşa şəhərində biz yaşayırıq. Orada ən gözəl, yüksək səviyyəli tədbirlərimizi keçiririk. Sözsüz ki, tədbirlərin ən gözəli, əzəmətlisi, təntənəlisi şuşalıların öz doğma yurd-yuvalarına qayıdışıdır.
Cənab Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa müraciətində demişdi ki, biz Şuşanı dirçəldəcəyik. Bu gün biz artıq dirçəldilən Şuşanı görürük. Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bütün dünya da bilməli və qəbul etməlidir ki, biz burada əbədi yaşamağa gəlmişik və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.
Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı