AnalitikaGündəmSiyasət

Şuşadan verilən strateji mesajlar: Azərbaycan–Slovakiya münasibətləri yeni inkişaf mərhələsində

1993-cü ildən başlayan Azərbaycan ilə Slovakiya arasında diplomatik münasibətlər son illər ərzində qarşılıqlı siyasi dialoqun intensivləşməsi, yüksək səviyyəli səfərlər və imzalanan mühüm sənədlərlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Azərbaycan və Slovakiya iqtisadiyyat, energetika, nəqliyyat, müdafiə sənayesi, ticarət və humanitar sahələrdə əməkdaşlığı davamlı şəkildə genişləndirirlər. Azərbaycan–Slovakiya əlaqələrinin əsas xüsusiyyəti qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və ortaq maraqlara söykənməsidir. Hər iki ölkənin rəhbərliyinin nümayiş etdirdiyi siyasi iradə münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə və yeni birgə layihələrin həyata keçiriləcəyinə möhkəm zəmin yaradır.
İyulun 14-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşü olmuşdur. Görüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Şuşada mətbuata verdikləri bəyanatlar iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Bəyanatlar göstərdi ki, Azərbaycan və Slovakiya əlaqələri artıq ənənəvi diplomatik münasibətlər çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu görüşün məhz Şuşada keçirilməsi isə xüsusi siyasi və simvolik məna daşıyır. Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq diplomatiyanın və strateji dialoqun mühüm məkanlarından birinə çevrilib.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son illərdə Azərbaycan ilə Slovakiya arasında siyasi dialoq müntəzəm xarakter alıb. Dövlət başçısının ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfər və həmin səfər zamanı imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə münasibətlərin yeni mərhələsinin əsasını qoyub. Şuşadakı görüş isə həmin sənədin praktik nəticələrinin artıq özünü göstərdiyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Qarabağın bərpasında Slovakiyanın iştirakına verilən yüksək qiymət oldu. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsi iki ölkə arasında əməkdaşlığın konkret nəticələrindən biridir. Bu layihə göstərir ki, Slovakiya Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak edən Avropa dövlətlərindən biridir.
Prezident Peter Pelleqrini də çıxışında Qarabağda gördüyü dəyişiklikləri yüksək qiymətləndirdi. O bildirdi ki, bölgənin azad olunmasından sonra qısa müddətdə həyata keçirilən yenidənqurma işləri böyük təəssürat yaradır. Slovakiya Prezidenti xüsusilə qeyd etdi ki, Slovakiya şirkətləri bu prosesdə iştirak etməkdən qürur duyur və gələcəkdə daha çox layihəyə qoşulmaq niyyətindədirlər.
Bəyanatlarda diqqəti cəlb edən mühüm məqamlardan biri də Qarabağda inşa edilən məktəbə Slovakiyanın görkəmli dövlət xadimi və generalı Milan Rastislav Ştefanikin adının verilməsi oldu. Bu addım təkcə humanitar əməkdaşlığın deyil, xalqlar arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Belə təşəbbüslər göstərir ki, Azərbaycan Qarabağın yenidən qurulmasını yalnız infrastruktur layihəsi kimi deyil, beynəlxalq əməkdaşlıq platforması kimi də inkişaf etdirir.
Enerji əməkdaşlığı görüşün əsas mövzularından biri oldu. Slovakiya Prezidenti enerji böhranı dövründə Azərbaycanın göstərdiyi dəstəyi xüsusi minnətdarlıqla xatırlatdı. O qeyd etdi ki, Ukrayna üzərindən qaz tranzitinin dayanmasından sonra Azərbaycanın operativ mövqeyi Slovakiyanın enerji təhlükəsizliyinə mühüm töhfə verib. Hazırda tərəflər 2027-ci ildən sonrakı dövr üçün uzunmüddətli enerji əməkdaşlığı üzərində işləyirlər.
Bu yanaşma Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha təsdiqləyir. Son illərdə Avropa dövlətləri Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qiymətləndirir və yeni qaz təchizatı marşrutlarının inkişafında Bakı ilə əməkdaşlığa xüsusi önəm verirlər.
Şuşadakı görüş zamanı nəqliyyat və logistika məsələləri də xüsusi diqqət mərkəzində oldu. Slovakiya Prezidenti Azərbaycanın Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağına çevrildiyini bildirdi. Azərbaycanın Orta Dəhliz layihəsində oynadığı rol Avropa dövlətləri üçün getdikcə daha böyük əhəmiyyət daşıyır. Bu marşrut həm yükdaşımaların sürətini artırır, həm də Avrasiyada yeni iqtisadi imkanlar yaradır.
Humanitar sahədə əməkdaşlığın inkişafı da mühüm istiqamətlərdən biridir. Prezident Pelleqrini oktyabr ayından etibarən Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin başlanacağını bildirdi. Bu qərar turizm, təhsil, biznes və insanlar arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verəcək. Birbaşa hava əlaqəsi ölkələr arasında iqtisadi fəallığın artmasına və qarşılıqlı investisiyaların genişlənməsinə də müsbət təsir göstərəcək.
Regional təhlükəsizlik məsələləri də bəyanatlarda öz əksini tapdı. Prezident Pelleqrini Azərbaycanın beynəlxalq münaqişələrin diplomatik yolla həllinə verdiyi töhfələri yüksək qiymətləndirdi. O, həm Rusiya-Ukrayna müharibəsinin, həm də Yaxın Şərqdəki gərginliyin yalnız danışıqlar yolu ilə həllinin mümkün olduğunu vurğuladı və Prezident İlham Əliyevin sülh təşəbbüslərini dəstəklədiyini bəyan etdi.
Şuşadan verilən mesajlar göstərdi ki, Azərbaycan-Slovakiya münasibətlərinin gələcəyi geniş perspektivlər vəd edir. Dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı etimad və konkret layihələrə əsaslanan əməkdaşlıq modeli yaxın illərdə bu tərəfdaşlığın daha da dərinləşəcəyini və hər iki ölkənin milli maraqlarına xidmət edən yeni uğurlar gətirəcəyini deməyə əsas verir.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button