Şuşada genişmiqyaslı quruculuq işləri gedir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısına yaşayış kompleksində görülən işlər barədə məlumat verildi. İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürüldüyü bildirildi. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış oldular.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşdülər.
Dövlət başçısı Şuşaya qayıtmaq münasibətİlə onları təbrik etdi.Otuz iki ildir vətən həsrəti ilə bərabər , onların hər birinin nə vaxtsa doğma Şuşaya qayıdacağı ümidi ilə yaşadığını, heç zaman Şuşanı unutmadığını və buraya qayıdacaqlarına inanaraq bu günü gözlədiklərini vurğuladı.
O, ölkəmizin, iqdisadiyyatımızın gücləndirilməsindən, güclü ordu potensialı yaradılmasından ən əsası doğma torpaqlarımızı öz canı, qanı bahasına düşməndən azad edən savadlı,bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam gənc nəsil yetişdirilməsindən danışdı. Azərbaycan xalqı bir yumruq altında elə birləşdi ki,bu gün bütün dünya bizim oğullarımızın qəhrəmanlığından danışır. Biz əmin idik, bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq. 44 günlük Vətən müharibəsi bizim tariximizdir. Azərbaycan xalqı, gələcək nəsillərimiz bu Zəfərlə daim fəxr edəcək.
Prezident İlham Əliyev öz çıxışında Ermənistan ordusundan fərqli olaraq hərbçilərimizin döyüş meydanını tərk etmədiyini, əsgər və zabitlərimizin hər gün irəli getdiyini və müharibənin birinci günündə əldə olunmuş qələbənin – bir neçə kəndin azad edilməsinin sona qədər davam etdiyini söylədi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin sonu oldu. Biz də o vaxt müharibəni dayandırdıq. Müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq.
Müharibə zamanı xarici media nümayəndələri ilə müsahibələrindən söz açan dövlət başçısı Şuşasız bizim işimizin yarımçıq qalacağını, Şuşa azad olunmadan biz dayanmayacağımızı xüsusi vurğuladı. Çünki Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.
Bundan sonra Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Bu gün Ulu Öndərin doğum günündə Şuşada üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Mən əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərlərinin tarixi simasını qoruyacaqlar.
Dövlət başçısı öz çıxışında Şuşanın tarixi abidələrinin bərpasından danışdı. Vaqifin məqbərəsinin yenidən qurulmasını, Yuxarı Gövhər Ağa məscidinin, Saatlı məscidinin bərpa olunduğunu söylədi. Bu gün Mamayı məscidinin bərpadan sonra açılışını etdik. Çöl Qala məscidində artıq bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Bu gün, eyni zamanda, Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü yenə də əvvəlki görkəmdə bərpa edildi, yenidən hazırlandı. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacağını xüsusilə qeyd etdi.
Mayın 10-u hər birimiz üçün, əziz gündür – Ulu Öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək idi, işğala son qoymaq idi və məhz onun fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq.
Azərbaycan xalqının birliyi bir daha 1993-cü ildə özünü göstərdi. Xalq Ulu Öndərə müraciət edib onu hakimiyyətə dəvət etdi. Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər. O vaxt – 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və biz heç vaxt o atəşkəslə barışa bilməzdik.
Həmçinin dövlət başçısı bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarıldığını, bizim heç vaxt müharibə tərəfdarı olmadığımızı, bizə sadəcə torpaqlarımızın lazım olduğunu bəyan etdi. Bu gün də bizə qarşı Fransa və Amerika əsas rol oynayır. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil.
Bugünkü bu bayram günü – mənim üçün və hamımız üçün ikiqat bayram günüdür. Bu bir daha onu göstərir ki, biz sülhsevər, qurub-yaradan xalqıq.
Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Ermənilər burada bir daşı daş üstə qoymayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.
Sonda prezident şuşalıları bir daha ürəkdən təbrik edib. Onlara xoşbəxtlik, cansağlığı arzulayaraq , burada rahat yaşamalarını diləyib.
Həmdullayeva Vüsalə,
Xəzər rayonu, 125 nömrəli tam orta məktəbin müəllimi