AnalitikaGündəmSiyasət

Şuşa şəhəri günü – Zəfər tariximizin və milli qürurumuzun rəmzi

Azərbaycan xalqının çoxəsrlik tarixində elə şəhərlər var ki, onların adı təkcə coğrafi məkanı deyil, bütöv bir xalqın yaddaşını, mədəniyyətini, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadır. Şuşa da məhz belə şəhərlərimizdəndir. Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi və milli qürur mənbəyi olan Şuşa xalqımızın tarixi taleyində xüsusi yer tutur. 8 Noyabr Şuşa Şəhəri Günü isə bu qədim şəhərin azadlığı, xalqımızın birliyi və dövlətimizin qüdrətinin təcəssümüdür.

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq, peşəkarlıq və yüksək döyüş əzmi nəticəsində Şuşa şəhəri düşmən işğalından azad edildi. Mürəkkəb relyefə və çətin relyef şəraitinə baxmayaraq, Azərbaycan əsgərlərinin şəhəri əlbəyaxa döyüşlərlə azad etməsi dünya hərb tarixinə düşən hadisələrdən oldu. Şuşanın azad edilməsi müharibənin taleyini həll edən mühüm hərbi-strateji hadisə olmaqla yanaşı, xalqımızın sarsılmaz iradəsinin və Vətən sevgisinin təntənəsi idi.

Bu tarixi Qələbənin əldə olunmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və Azərbaycan Ordusunun qəhrəmanlığı həlledici rol oynadı. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyuldu. Şuşanın azad edilməsi yalnız hərbi uğur deyil, həm də milli birliyin, siyasi iradənin və tarixi ədalətin bərpasının parlaq nümunəsi oldu.

Şuşanın azad olunmasından sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılması dövlətimizin bu qədim mədəniyyət mərkəzinə xüsusi diqqətinin göstəricisidir. Tarixi abidələrin, məscidlərin, mədəniyyət ocaqlarının bərpası, yolların və infrastrukturun yenidən qurulması Şuşanın əvvəlki şöhrətinin qaytarılmasına xidmət edir. Şuşada keçirilən beynəlxalq tədbirlər, mədəniyyət festivalları, konsertlər və müxtəlif layihələr şəhərin yenidən Azərbaycanın və regionun mühüm mədəniyyət mərkəzinə çevrildiyini nümayiş etdirir. 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2023-cü ildə isə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi onun beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.

Bu gün Şuşa yalnız keçmişimizin yadigarı deyil, həm də gələcəyə inamımızın, milli ruhumuzun və dövlətimizin inkişaf strategiyasının mühüm rəmzidir. Şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri, yeni infrastruktur layihələri, yaşayış imkanlarının genişləndirilməsi Böyük Qayıdış prosesinin uğurla davam etdiyini göstərir. Şuşanın yenidən canlanması, insanların doğma yurdlarına qayıtması və şəhərin əvvəlki həyat ritminə qovuşması hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissi yaradır.

8 Noyabr – Şuşa Şəhəri Günü hər bir Azərbaycan vətəndaşı üçün böyük mənəvi əhəmiyyət daşıyır. Bu əlamətdar gün bizə Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etməyi, qazilərimizin fədakarlığını unutmamağı və əldə olunan tarixi Qələbənin dəyərini gələcək nəsillərə çatdırmağı bir daha xatırladır. Şuşanın azadlığı uğrunda döyüşən qəhrəmanlarımızın göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Şuşa artıq azadlığın, qalibiyyətin və yenidən doğuluşun rəmzinə çevrilib. Bu şəhərin hər küçəsi, hər daşı xalqımızın tarixi yaddaşını, mübarizə əzmini və Vətən sevgisini özündə yaşadır. 8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə xalqımızı təbrik edir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Şuşamız daim azad, abad və firavan olsun!

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button