AnalitikaGündəmQarabağ və Şərqi Zəngəzur

Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkan yaratdı

Şuşa şəhərində keçirilən IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan nüfuzunu, qlobal media dialoquna verdiyi töhfəni və müasir dövrün çağırışlarına münasibətini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrini, ekspertləri və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirən forum informasiya təhlükəsizliyi, media məsuliyyəti və qlobal əməkdaşlıq məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrildi.

Geosiyasi mühitin sürətlə dəyişdiyi, informasiya texnologiyalarının və medianın beynəlxalq münasibətlərə təsir imkanlarının əhəmiyyətli dərəcədə artdığı müasir dövrdə dövlətlər arasında etibarlı dialoq platformalarının formalaşdırılması xüsusi aktuallıq daşıyır. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu sadəcə jurnalistlərin və media ekspertlərinin iştirakı ilə keçirilən beynəlxalq tədbir deyil, eyni zamanda müxtəlif ölkələr arasında fikir mübadiləsinin genişləndirilməsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və media diplomatiyasının inkişafına xidmət edən mühüm platformadır. Dünyanın müxtəlif regionlarından tanınmış media nümayəndələrinin Şuşada toplaşması Azərbaycanın beynəlxalq təşəbbüslərinin getdikcə daha geniş dəstək qazandığını və ölkəmizin qlobal dialoqa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.

Forumun mühüm xüsusiyyətlərindən biri də müxtəlif ölkələrdən gəlmiş jurnalist və media təmsilçilərinə Azərbaycanın mövqeyini birbaşa öyrənmək, bölgədə baş verən hadisələri yerində izləmək və fərqli baxışların açıq şəkildə müzakirəsində iştirak etmək imkanı yaratmasıdır. Bu imkan informasiya məkanında uzun illər formalaşmış stereotiplərin aradan qaldırılmasına, birtərəfli yanaşmaların zəifləməsinə və faktlara əsaslanan obyektiv informasiyanın daha geniş yayılmasına xidmət edir.

Forumun əsas hadisəsi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı və beynəlxalq media nümayəndələrinin suallarını cavablandırması oldu. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlara söykənən xarici siyasətinin, regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş qətiyyətli mövqeyinin, eləcə də beynəlxalq münasibətlər sistemində ölkəmizin artan rolunun bariz ifadəsi idi.

Prezident İlham Əliyevin media nümayəndələrinin suallarını açıq və ətraflı şəkildə cavablandırması, səmimi dialoqa üstünlük verməsi isə Azərbaycanın şəffaflıq, açıqlıq və qarşılıqlı etimad prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Belə yanaşma beynəlxalq media ilə əlaqələrin inkişafına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və etibarlı informasiya mühitinin formalaşmasına mühüm töhfə verir.

Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycan qlobal informasiya məkanında qarşıdurmanı deyil, konstruktiv dialoqu, dezinformasiyanı deyil, həqiqətə söykənən obyektiv məlumatlandırmanı, qapalı münasibətləri deyil, açıq əməkdaşlıq və qarşılıqlı etimadı dəstəkləyən mövqe nümayiş etdirir. Məhz bu prinsiplər Şuşanın beynəlxalq media diplomatiyasının mühüm mərkəzlərindən birinə çevrilməsinin əsas siyasi məntiqini təşkil edir. Eyni zamanda bu forum Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qlobal dialoq və əməkdaşlığa verdiyi töhfələri bir daha nümayiş etdirir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button