Şuşa Qarabağın tacıdır
Şuşa bütün azərbaycanlılar üçün son dərəcə əziz olan və hər birimizin qırılmaz mənəvi tellərlə sıx bağlı olduğumuz şəhərdir. Üç onillik idi ki, biz bu yerlərə ayaq basa bilmirdik, çünki Şuşa işğal altında idi. Ancaq daxilən, fikrən heç vaxt Şuşadan ayrı düşməmişdik, xəyallarımız həmişə bu yerlərdə gəzib dolaşırdı. 44 günlük Vətən müharibəsində işğaldan azad olunandan sonra aydın şəkildə görünür ki, elə Şuşa da eyni həsrət və yanğı ilə öz doğmalarına qovuşacağı günləri gözləyib. İşğalın davam etdiyi üç onillik ərzində mənfur düşmən Şuşamızın sinəsinə yaralar vurub, burada ağlasığmaz vandalizm əməlləri törədib, şəhəri erməniləşdirməyə çalışıb. Lakin bütün bunlar heç bir nəticə verməyib. “Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, – hamımız yaxşı bilirik, – 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə birinci xanım Mehriban Əliyeva ilə birlikdə növbəti dəfə Şuşaya səfəri çərçivəsində keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində etdiyi çıxışında deyib. Şuşanın tariximizdə, milli mədəniyyətimizdə əvəzolunmaz yerini dəyərləndirən dövlətimizin başçısı vurğulayıb: “Şuşa Azərbaycan mədəniyyətinin ocağıdır. Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır”.
Azərbaycan düşmənin işğalçılıq siyasətinə öz milli gücü ilə son qoydu. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirərək işğalçı Ermənistanı ağır məğlubiyyətə uğratdı. 44 günlük müharibədə Ordumuzun qazandığı şanlı qələbə sayəsində tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Vətən müharibəsində Silahlı Qüvvələrimiz 300-dən çox şəhər və kəndi bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşa əməliyyatı zamanı düşmən Ordumuzu başqa istiqamətdən – şəhərə əsas giriş tərəfdən gözləyirdi. Lakin doğma şəhərimizin geri qaytarılması üçün xüsusi əməliyyat hazırlanmışdı. Əsgər və zabitlərimiz erməni hərbi birləşmələrinin istehkamlar qurduğu tərəfdən deyil, qayalara, yamaclara dırmaşaraq şəhərə daxil oldular və düşməni tam məğlubiyyətə uğratdılar.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
“Ulu Öndərin doğum günündə, 100 illiyində mən Şuşada idim. Mən atamın doğum gününü Şuşada qeyd etmişəm və hesab edirəm ki, bu addımda böyük məna var. Şuşa Qarabağın tacıdır. Şuşa azad olunandan sonra Ermənistan dövləti və hökuməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim gücümüzün, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin şücaətinin, qəhrəmanlığının təcəssümüdür”, – deyə dövlətimizin başçısı qeyd edib.
Əzizə Fərzəliyeva,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi