Şuşa planetar məsələlərin müzakirə olunduğu siyasi-ictimai mərkəzə çevrilib
“Keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumu bir daha Azərbaycanın, xüsusilə də son zamanlar Şuşanın planetar məsələlərin müzakirə olunduğu siyasi-ictimai mərkəzə çevrildiyini nümayiş etdirir. 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilatın və media qurumunun, həmçinin 60 yerli media rəhbərinin və nümayəndəsinin iştirak etdiyi forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 saat ərzində sualları cavablandırıb, mühüm sosial-iqtisadi və ictimai-siyasi məsələlərə dair fikirlərini bildirib. Prezident İlham Əliyev eyni zamanda enerji siyasətindən, bu sahədə Azərbaycanın Avropa və ABŞ ilə əməkdaşlıq münasibətlərindən də söz açıb”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev forum çərçivəsində Azərbaycanın dünyanın enerji təhlükəsizliyin verdiyini töhfələri də diqqətə çatdırıb: “Sirr deyil ki, bu gün Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilib. Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş, Avropa İttifaqının enerji komissarı Azərbaycanı panAvropa qaz tədarükçüsü adlandırır. Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək. Eyni zamanda, Hazırda bəzi Amerika şirkətləri artıq Azərbaycanın bərpaolunan enerji sahəsinə maraq göstərir. Çünki Azərbaycan həm də çox böyük bərpaolunan enerji potensialına malikdir. Beynəlxalq Maliyyə Korporasiyası hesablamalarına görə təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir və Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalanıb. Həmin layihəyə əsasən, Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa ediləcək. Bu ilin sonunadək isə 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcək. O da sirr deyil ki, Azərbaycan 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalayıb, texniki-iqtisadi əsaslandırmaya başlanıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edilsin”.
“Prezident İlham Əliyev forumda uzun illərdir ki, müxtəlif dairələri maraqlandıran Transxəzər Qaz Boru Kəməri ilə bağlı da danışıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyev bir daha Transxəzər Qaz Boru Kəmərinin Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə olmadığını ifadə edib: “Transxəzər layihəsi bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslanır. Odur ki, bu təşəbbüsün irəli sürülməsi və yaxud ona sərmayə yatırılması Azərbaycandan asılı deyil. Lakin kimsə Transxəzər boru kəmərini inşa etmək istəsə Azərbaycan şad olar. Çünki nəticədə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq”.