Şuşa Forumunda vacib mövzular beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı
Şuşada keçirilən Forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edərək möhtəşəm çıxışı ilə yadda qaldı. Konfransda Azərbaycanın region və dünyadakı roluna diqqət çəkildi. Həmçinin dövlətimiz üçün prioritet olan istiqamətlər bir daha yerli və beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı. Prezident İlham Əliyevin çıxışı müasir Azərbaycan və dünya reallıqlarının təhlili baxımından ciddi əhəmiyyət kəsb edirdi. Konfransın Şuşada keçirilməsi və Prezident İlham Əliyevin geniş məzmunlu çıxışı, ölkəmizdə və dünyada baş verənlərə strateji yanaşması, yerli və qlobal xarakterli problemlərin həlli yollarına dair təklifləri diqqətdən yayınmadı. Böyük Zəfərimizdən keçən qısa bir zaman kəsiyində Şuşa şəhərinin bir neçə dəfə mədəni, siyasi və intellektual hadisəyə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın böyük uğurudur. Azərbaycan uzun illərdən bəri Ermənistan, erməni diasporu və onların çoxsaylı himayədarlarının cəhdlərinə baxmayaraq, öz danılmaz haqqının bütün dünyada qəbul edilməsinə nail olub. Artıq erməni yalanları ayaq tutub yeriyə bilmir. Çünki müzəffər ordumuz erməni yalanlarını da, qondarma iddialarını da darmadağın edib və onları öz gerçək obrazları və saxta tarixləri ilə qarşı-qarşıya qoyub. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyi Prezidentin çıxışında yer alan mühüm məqamlar sırasında oldu. Dövlətimizin başçısı qeyd etdi ki, sülh müqaviləsinin imzalanması bütün regionda sabitliyin və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının çıxışında Ermənistan və havadarlarına ismarıclar da vardı və onlar bundan təxirə salmadan nəticə çıxarmalıdırlar. Prezident həmçinin məğlub Ermənistana, onun havadarlarına və separatçı qüvvələrə xəbərdarlığını ünvanladı. Cənubi Qafqazın inkişafı əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bütün beynəlxalq təşkilatlar normallaşma prosesində həllin beynəlxalq hüquqa əsaslandığını anlayırlar. Əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Sülh olmasa, bu, regiona sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Xarici və yerli media nümayəndələrinin suallarını cavablandıran İlham Əliyev öncə forum iştirakçılarına bir daha bəyan etdi ki, üzərində gəzdikləri torpaq qədim Azərbaycan yurdudur. Əgər Şuşa erməni şəhəri olsaydı, 30 il ərzində haylar bu şəhərin simasını mütləq dəyişərdilər. Amma Şuşa işğaldan azad ediləndə dünya onun acınacaqlı vəziyyətinə şahidlik etdi.Şuşa şəhəri də demək olar tamamilə dağıdılmışdı. Bu da o anlamı verir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmayıb. Doğma şəhəri dağıtmırlar, inkişaf etdirirlər, Azərbaycan kimi. “Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır” söyləyən dövlət başçısı İlham Əliyev iştirakçıları maraqlandıran sualları cavablandırarkən ölkəmizlə bağlı təhlükələrin nədən ibarət olmasına münasibətində bildirdi ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Dövlət başçısı fikrini əsaslı şəkildə diqqətə çatdırdı. Mətbuat postmünaqişə dövrünün reallıqlarının qarşıya qoyduğu tələbləri yerinə yetirəcək, qlobal çağırışları yüksək səviyyədə cavablandırmaq üçün səylərini daha da artıracaq. Prezident İlham Əliyev müasir dövrün strateji baxış bucağına sahib lideri kimi danışır və təkcə öz xalqının deyil, bütövlükdə regionda yaşayan bütün xalqların daha yaxşı, daha təhlükəsiz yaşaması üçün atılması zəruru olan addımları açıqlayır, ortaq hədəfləri nişan verir. Azərbaycan Prezidentinin baxış bucağına görə, regionun heç bir dövləti və xalqı qarşılıqlı munasibətləri inkişaf etdirmədən, etibarlı münasibətlər sistemi formalaşdırmadan uzunmüddətli inkişafa və dayanıqlı sabitliyə nail ola bilməz. Problemlərin həlli yolu qarşılıqlı əməkdaşlıqda, problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərməkdədir. Azərbaycan Liderinin Şuşada keçirilən forumda səsləndirdiyi fikirlər həm Ermənistan, həm də sülh təşəbbüsündə olan ölkə və təşkilatlar tərəfindən bir daha ciddi təhlil edilməli və nəticə çıxarılmalıdır. Azərbaycanın istər regional, istərsə də dünya miqyasında artan nüfuzu göz qabağındadır. Dahi şəxsiyyətin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda aparılan müzakirələr, Prezident İlham Əliyevin hazırkı dövrün çağırışlarını özündə ehtiva edən cavabları Azərbaycanın möhkəm təməl üzərində daha möhtəşəm uğurlara, qələbələrə doğru inamla irəlilədiyini təsdiqlədi.
Bədiyyə Sadıqova
YAP-ın gənc fəalı