Şuşa bizim əyilməz ruhumuzun rəmzidir
Ulu Öndər Ümummilli liderimiz Heydər Əliyevin vaxtı ilə söylədiyi “Şuşa bütün azərbaycanlılar üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir… Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur” fikri yəqin ki, hər kəsin yadındadır. Ulu Öndərin yəqin bu sözləri də yaddaşlarda həkk olunub. “İnanıram ki mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Bu belə də oldu. Ali Baş Komandanımız,möhtərəm Prezidentimiz İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirərək “Əziz Şuşa”mızı bizə qaytardı. Şuşa böyük Zəfərimizin təntənəsi, milli qururumuzun simvolu oldu.
2023-cü ildə noyabrın 8-də Xankəndində Zəfər Günümüzün üçüncü ildönümünə həsr olunmuş hərbi paradda çıxış edən İlham Əliyev bizə bir daha xatırlatdı “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın dövlət bayrağını işğal altında olan torpaqların hər bir güşəsində qaldıracağıq… Bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhramanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Şuşa əməliyyatı 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbiçilərimizin şücaəti bir qəhramanlıq dastanıdır. Şuşa əməliyyatı,təbii ki 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir.
“Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən,alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi, Azərbaycan övladları bunu göstərmişlər.”
Azərbaycanın hərb tarixinə şərəfli salnamə yazan ordumuzun inamlı və möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi xalqımızın və dövlətimizin milli dəyərlərə söykənən çoxsaylı cəhətləri ilə səciyyəvidir. Vətən müharibəsindəki bu möhtəşəm qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Əldə etdiyimiz tarixi nailiyyətin əsas şərtlərindən biri,məhz “xalq iqtidar-ordu”birliyindən doğan reallıqdır. Tarixi Zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin həm də sərkərdəlik istedadının, onun həm siyasət, həm də döyüş meydanında sərgilədiyi uğurlu taktiki addımların, müzəffər ordumuzun qüdrətinin dünyaya nümayişidir. Bu şanlı Qələbə Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı, onu ağır nisgildən xilas etdi, dünya azərbaycanlılarını “azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi.
Vətən müharibəsinin dönüş nöqtələri, mühüm mərhələləri qələbənin təminatında həlledici rol oynamış döyüş səhnələri xüsusi diqqətə layiqdir.
Şuşa qalasının, Şuşa şəhərinin azad edilməsi bu mənada ciddi əhəmiyyətə malik hadisə sayıla bilər. Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll edən amilə çevrildi
Şuşa uğrunda mürəkkəb və cəsarətli döyüş səhnələri həqiqətən də dünya hərb tarixinin misilsiz bir səhifəsini təşkil edir. Təsadüfü deyildir ki, Prezident İlham Əliyev bu döyüş haqqında xüsusi fəxarətlə danışır,onun hərbi siyasi əhəmiyyətini çox yüksək qiymətləndirir.
“Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi”… Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”. Bu gün Şuşaya diqqət, Şuşaya həssas yanaşma qayğı və canıyananlıq təsadüfü deyil. Şuşa Qarabağın baş tacıdır, elm və mədəniyyət mərkəzidir. Azərbaycanın etnoqrafik muzeyidir, folklor yaddaşıdır. Şuşanın azad edilməsi Ulu Öndərin ən ülvi arzularından biri idi və şükürlər olsun ki, bu arzu yerinə yetdi.
Bu gün Şuşa öz tarixi missiyasını yenidən ləyaqətlə yaşayır. Şuşa az bir müddətdə sürətli inkişaf yoluna qədəm qoyub, əsl müasir şəhər simasını almağa başlayıb. Şuşa bu gün bütün mədəni dünyanın diqqət mərkəzində olan bir şəhər kimi möhtərəm Prezidentimizin xüsusi diqqət və qayğısı ilə sivilizasiya mərkəzinə çevrilməkdədir. Şuşada genişmiqyaslı quruculuq işləri gedir, böyük infrasturuktur layihələr reallaşdırılır. Şuşanın dirçəlməsi geniş vüsət alıb. Hər şey çox mufəssəl və dəqiq,ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur.
Osmanova Məlahət,
Xəzər rayonu, 92 № li tam orta məktəbin müəllimi