AnalitikaGündəmOrdu

Şuşa Bəyannaməsi regionda sabitliyin və təhlükəsizliyin əsas təminatına çevrilir

2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi, Azərbaycanla Türkiyə arasında mövcud olan strateji ittifaqı yeni bir mərhələyə daşıdı. Sənədin ən mühüm tərəflərindən biri, hərbi əməkdaşlığın hüquqi əsasda təsdiqlənməsi və dərinləşdirilməsidir. Xüsusilə silahlı qüvvələrin modernləşdirilməsi istiqamətində nəzərdə tutulan birgə səylər, iki ölkənin gələcəkdə daha koordinasiyalı və çevik hərbi sistemə sahib olacağını göstərir.
Bəyannamədə yer alan “silahlı qüvvələrin müasir tələblərə uyğun yenidən formalaşdırılması” müddəası, sadəcə texniki modernləşmə deyil, həm də doktrinal və taktiki səviyyədə birgə inkişaf anlamına gəlir. Bu, o deməkdir ki, Azərbaycan və Türkiyə orduları gələcəkdə həm təlim, həm silah sistemləri, həm də əməliyyat planlamasında daha yaxın əməkdaşlıq edəcəklər. Yəni, ortaq güc təkcə kağız üzərində deyil, praktikada da gerçəyə çevriləcək.
Bu əməkdaşlıq formatı həm regionda sabitliyin qorunmasına, həm də müharibədən sonrakı təhlükəsizlik balansının yaradılmasına mühüm töhfə verir. Şuşa Bəyannaməsi ilə Türkiyə, Azərbaycanın təhlükəsizliyini birbaşa öz təhlükəsizliyi kimi qəbul etdiyini hüquqi şəkildə təsdiqləyib. Bu isə yalnız hərbi deyil, siyasi və mənəvi güvən faktorudur.
Bu sənəd göstərdi ki, strateji tərəfdaşlıq sadəcə diplomatik termin deyil, real tədbir və niyyətlər toplusudur. Şuşa Bəyannaməsinin hər maddəsi gələcəyə yönəlib – o gələcək ki, orada Azərbaycan və Türkiyə birgə sülhü qoruyur, amma hər an müharibəyə də hazırdır.

Sünbül Həsənquliyeva
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button