Şuşa Bəyannaməsi iqtisadi əhəmiyyəti
Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir.
Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də imzaladıqları “Şuşa Bəyannaməsi”nin bir ili tamam olur. “Şuşa Bəyannaməsi” iki ölkə arasında tarix boyu süzgəcdən və sınaqdan keçmiş, ortaq strateji maraqlara malik hərbi-siyasi və təhlükəsizlik məsələsidir.
2021-ci ilin 15 iyununda Şuşada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Bir millət, iki dövlət”in qardaş liderləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” imzaladılar.
Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır.Xüsusən də, bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarantdır.
Şuşa bəyannaməsi ilə qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır. Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artırır. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır.
Şuşa Bəyannaməsi”ndə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Türkiyə və Azərbaycan bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.
Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamənin imzalanması Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və ölkəmizdəki bütün siyasi qüvvələr tərəfindən dəstəklənib. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaqdır.
Mətanət Cəfərova,
YAP fəalı.