Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni tarixi mərhələsinin əsasını qoyub
“Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan münasibətlərini rəsmən müttəfiqlik zirvəsinə ucaltdı. Bu sənəddə bir çox məqamlar öz əksini tapıb ki, bu sahələr də olduqca strateji önəm daşıyır. Müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Ancaq burada nəzərdə tutulan məqamlardan ən əsası hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və digərlərini xüsusi vurğulamaq lazımdır. Çünki hazırda Türkiyənin hərbi gücü bütün dünyanın diqqətini cəlb edir. Biz isə belə bir ölkə ilə həm müttəfiq, həm də qardaşıq. Bu bizim də istər-istəməz hərbi gücümüzə müəyyən təsir edəcək. Türkiyədən alınan hərbi texnikalar 44 günlük Vətən müharibəsində də gördüyümüz kimi müasir texnologiyaların ən öndə gedən formalarındandır. Bu baxımdan qardaş ölkənin həm müasir silahlarından, həm də təcrübəsindən yararlanmaq Azərbaycanın gücünə güc qatacaqdır.
“Bir sözlə, Azərbaycanla Türkiyənin qardaşlıq əlaqələri bütün müstəvilərdə inkişaf edir. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma, təmir-bərpa, habelə minalardan təmizlənmə və s. işlərdə də Azərbaycanla Türkiyə arasında sıx işbirliyi mövcuddur.”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.