
“Beş il öncə Qarabağın mədəniyyət beşiyi olan Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” XXI əsrdə Türk dünyasının siyasi tarixində ən mühüm strateji sənədlərdən biri hesab olunur. Bu sənəd təkcə iki qardaş dövlət arasında münasibətlərin hüquqi çərçivəsini müəyyən etməyib, həm də Cənubi Qafqazın geosiyasi düzəninə, regional təhlükəsizlik sisteminə və Avrasiya məkanındakı güc balansına ciddi təsir göstərib”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Şuşa Bəyannaməsi öz mahiyyətinə görə klassik strateji tərəfdaşlıq modelindən daha irəli gedərək müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərin siyasi, hərbi, iqtisadi və ideoloji əsaslarını formalaşdırıb: “Sənədin məhz Şuşada imzalanması isə simvolik baxımdan xüsusi əhəmiyyət daşıyır və Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin siyasi nəticələrinin beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilə bilər. Eyni zamanda, Şuşa Bəyannaməsinin meydana çıxmasını yalnız 2021-ci ilin hadisəsi kimi qiymətləndirmək düzgün olmazdı. Sənəd Azərbaycan-Türkiyə münasibətlərinin yüzillik inkişaf trayektoriyasının məntiqi nəticəsidir. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri və XX əsrin sonlarında Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyası iki ölkə arasındakı münasibətlərin ideoloji bazasını formalaşdırıb. Şuşa Bəyannaməsi isə bu ideoloji platformanı institusional və hüquqi müstəviyə keçirib”.
“Bəyannamənin imzalanması həm də 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqların rəsmiləşdirilməsi kimi dəyərləndirilə bilər” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Şuşa Bəyannaməsinin ən mühüm xüsusiyyətlərindən biri onun regional güc balansına təsiridir: “Belə ki, bəyannamə Azərbaycan və Türkiyəni vahid geostrateji platformada birləşdirir, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası yaradır, Türk dünyasının inteqrasiyasını sürətləndirir, Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə təkan verir və regional sabitlik və əməkdaşlıq mexanizmlərini gücləndirir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsi baxımından Şuşa Bəyannaməsi “regional təhlükəsizlik kompleksi” modelinin uğurlu nümunəsidir. Burada iki dövlət öz təhlükəsizlik maraqlarını koordinasiya etməklə daha geniş regional sabitlik formalaşdırmağa çalışır”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Şuşa Bəyannaməsi sadəcə siyasi və hərbi sənəd deyil, həm də uzunmüddətli geoiqtisadi inkişaf strategiyasıdır: “Sənəd qarşılıqlı sərmayə qoyuluşları, ixracın şaxələndirilməsi, enerji təhlükəsizliyi, sənaye əməkdaşlığı, rəqəmsal iqtisadiyyat, azad edilmiş ərazilərin yenidən qurulması kimi istiqamətlərdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Qarabağın bərpası prosesində Türkiyə şirkətlərinin fəal iştirakı Şuşa Bəyannaməsinin praktik nəticələrindən biri kimi qiymətləndirilə bilər”.
Ramil Vəlibəyov qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsi olmaqla yanaşı, gələcək onilliklər üçün yeni geosiyasi və geoiqtisadi model təqdim edir: “Sənəd iki dövlət arasında müttəfiqliyi hüquqi müstəviyə keçirərək təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, diplomatiya və informasiya sahələrində inteqrasiyanın institusional əsaslarını yaradıb. Bəyannamənin strateji dəyəri yalnız Azərbaycan və Türkiyə ilə məhdudlaşmır. O, Türk dünyasının inteqrasiyası, Orta Dəhlizin inkişafı, Avrasiya nəqliyyat şəbəkələrinin genişlənməsi və Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik sisteminin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Şuşa Bəyannaməsini yalnız diplomatik sənəd deyil, XXI əsrdə Türk geosiyasi məkanının yeni inkişaf doktrinası kimi qiymətləndirmək mümkündür”.


