Analitika

Şuşa Bəyannaməsi Azərbaycan tarixində əlamətdar gün kimi yadda qalacaq

2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

“Şuşa Bəyannaməsi”nin Türkiyə və Azərbaycan parlamentlərində ratifikasiyası artıq bəyannamədə əksini tapan maddələrin tam şəkildə işlək vəziyyətə düşməsinə hər hansı əngəlləri də tam şəkildə aradan qaldırmış oldu. Beynəlxalq hüquqa istinad olunmuş tarixi müqavilə Qars müqaviləsi ilə müqayisə edilsə də, burada üçüncü tərəfin iştirak etməməsi, qardaş ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə, təhlükəsizliyinə təminat vermələri baxımından daha üst səviyyəli sənəd olaraq şərəf tariximizə düşmüş oldu.

Bu Bəyannamənin  imzalanması Azərbaycan –Türkiyə münasibətlərini yeni müstəviyə çıxarır. Bəyannamədə ölkələrimiz arası əməkdaşlığın çoxşaxəliliyi əsas yer tutur. Burada hər iki ölkənin  müdafiə sənayesi, milli təhlükəsizlik məsələləri, iqtisadi, siyasi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potesialların birləşdirilməsi nəzərdə tutulur. İmzalanmış sazişə əsasən Azərbaycanın Silahlı Qüvvələri təkmilləşdirilərək Türkiyə təcrübəsi səviyyəsinə gətiriləcək. Ordumuz birgə təlimlərdə iştirak edərək modernləşdiriləcək və döyüş qabiliyyəti daha da artırılacaqdır.

Şuşa Bəyannaməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi. Bundan başqa, bəyannamənin Şuşadan açıq bəyanı özlüyündə bir neçə dolayı mesaj da daşıyır. Andlaşmanın bəyannamə formasında qəbul edilməsi də diplomatik və politoloji baxımdan mühüm məqamdır. Belə ki, bəyannamələr – deklarasiyalar rəsmi dövlət sənədi olmaqla daxili və xarici məsələlərdə dövlətin və ya dövlətlərin əsas fəaliyyət prinsiplərini, mövqeyini ehtiva edir və açıqlayır. İndiki halda deklarantlar Şuşadan bəyan etdilər ki, Azərbaycan və Türkiyə dövlətləri beynəlxalq hüququ əsas tutmaqla öz diplomatik, siyasi, hərbi, iqtisadi və sosial-mədəni münasibətlərini daha da inkişaf etdirəcək, müstəqil dövlətlər olaraq fəaliyyətlərini maksimum uzlaşdıracaqlar.

Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına – istənilən təhdid və təcavüzün qarşısının alınmasına  hesablanıb. Sənəddə qeyd edilir:  “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.

Tərəflər Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər.

Tərəflər lazımi dövlət dəstəyini təmin edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button